Belarus və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Belarus və Türkiyə Prezidentləri Aleksandr Lukaşenko və Rəcəb
Tayyib Ərdoğan arasında telefon danışığı olub.

AzerTimes-ın məlumatına görə, bu barədə Belarus prezidentinin
mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, söhbətin əsas mövzusu Avropanın mərkəzində baş
verən hadisələr və bununla bağlı müharibə və sülh məsələləri
olub.

“Belarus və Türkiyə liderləri ətraflı şəkildə Ukraynadakı
münaqişəni, həmçinin fevralın 28-də Belarusda keçirilən
Rusiya-Ukrayna danışıqlarını və sülh prosesinin təşviqinə diqqəti
müzakirə ediblər.


Türkiyə Prezidenti Ukraynadakı münaqişənin həllinə hər cür töhfə
verməyə hazır olduğunu bəyan edib, Aleksandr Lukaşenko da öz
növbəsində qeyd edib ki, bu mövqe Belarus mövqeyi ilə tamamilə
üst-üstə düşür.

Bundan əlavə, bir saatdan çox davam edən söhbətdə vaxtın
əhəmiyyətli hissəsi Qərbin Belarus və Rusiyaya qarşı sanksiyalar
siyasəti məsələlərinə həsr olunub”, – deyə açıqlamada deyilir.