Bəhramtəpə Hidroqovşağında yenidənqurma işləri cərçivəsində
təmir bərpa işləri davam etdirilir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov Trend-ə bildirib ki,
Bəhramtəpə Hidroqovşağı ölkənin 6 rayonunu suvarma suyu ilə təmin
edir.
“1958-ci ildən istifadəyə verilən Bəhramtəpə Hidroqovşağı hər il
olduğu kimi bu gün də əhatə etdiyi 6 rayonu suvarma suyu ilə təmin
etmək üçün gücləndirilmiş iş rejimində çalışır.
Hidroqovşağa Bəhrəmtəpə Hidroqovşağının İstismarı İdarəsi xidmət
edir. İdarə İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəbrayıl və
Cəlilabad rayonlarının 228525 ha əkin sahəsini suvarma suyu ilə
təmin etmək üçün 182 km magistral kanallardan, 155 ədəd
hidrotexniki qurğulardan, uzunluğu 760 metr olan dükkerdən, 75 ədəd
hidrometrik postlardan və 2 ədəd baş suqəbuledicidən istifadə edir.
Ötən il 49 ədəd hidrotexniki qurğu, 19 ədəd hidropost, 23 km beton
üzlüklü kanalın yamaclıqları hissə-hissə şərti və cari təmir
olunub. Bundan başqa 79 km-ə yaxın magistral kanal lildən
təmizlənib ki, hazırda da bu istiqamətdə tədbirlər davam edir”.
Onun sözlərinə görə, ötən il Bəhrəmtəpə Hidroqovşağının
İstismarı İdarəsi tərəfindən Köhnə Cənubi Muğan kanalında 2 ədəd
səviyyə qaldırıcı qurğu əsaslı təmir olunub:
“Bundan əlavə olaraq birləşdirici qol kanalında əkin sahələrinin
su ilə təminatının yaxşılaşdırmaq məqsədi ilə 1 ədəd səviyyə
qaldırıcı qurğu tikilərək istifadəyə verilib. Hazırda Qovşaqda
yenidənqurma işləri cərçivəsində təmir bərpa işləri davam
etdirilir.
Suvarma müddətində su qıtlığı yaranan zaman Azərbaycan
Meliorasiya və Su təsərrüfatı ASC tərəfindən su ötürmə qabiliyyəti
5,1 m3/san olan üzən nasos qurulub. Həmin nasos stansiyası suyu Baş
Muğan kanalına vurmaq qabiliyyətinə malikdir.
Qeyd edək ki, hazırda 2022-ci ildə yaz-tarla işlərinin görülməsi
məqsədi ilə hazırlıq işləri aparılır.
Görülən işlər nəticəsində 6 rayonda fəaliyyət göstərən
fermerlərin suvarma suyu ilə təminatı yaxşılaşacaq”.