BƏƏ-nin “Masdar” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında “yaşıl enerji” sahəsində Anlaşma Memorandumu imzalanıb (FOTO)

Martın 15-də Gülüstan sarayında keçirilən 230 MVt gücündə
“Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi
çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə
“Azərbaycan Dəmir Yolları” QSC arasında “Bərpa olunan enerji və
enerji səmərələliyi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu
imzalanıb.

“Azərbaycan Dəmir Yolları” ASC-dən AzerTimes-a verilən məlumata görə, memorandumun
əsas məqsədi tərəflərin dəmir yolu sektorunda bərpaolunan enerji
mənbələrindən istifadə imkanlarının araşdırılması niyyətini
rəsmiləşdirmək və inteqrasiya edilmiş enerji səmərəliliyi
proqramını həyata keçirməkdir. Əməkdaşlığın əsasını “Masdar”
şirkəti tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC ilə koordinasiya
və tərəfdaşlıq əsasında Azərbaycan dəmir yolları sektorunda bərpa
olunan və təmiz enerji layihələrinin (günəş və külək enerjisi)
potensial inkişafının araşdırılması, texniki və kommersiya cəhətdən
mümkün olan bərpaolunan enerji layihələrinin müəyyən edilməsi
təşkil edəcək.

Xatırladaq ki, bunadək yaşıl enerjinin ümumi enerji istehlakında
payının artırılması və enerji sərfiyyatının səmərəlilik hesabına
azaldılması istiqamətində “Azərbaycan Dəmir Yolları” QSC-də bir
sıra tədbirlər həyata keçirilib.

Belə ki, ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli
Prioritetindən biri olan “Təmiz Ətraf Mühit və Yaşıl Artım”
ölkəsinin qurulması prioritetinə uyğun olaraq “Azərbaycan Dəmir
Yolları” QSC-nin layihələndirilmiş 10 illik Korporativ strategiyası
çərçivəsində yaşıl enerjinin ümumi enerji istehlakında payının
artırılması, enerji və yanacaq sərfinin azaldılması və “Yaşıl
maliyyələşmə” ilə bağlı təşəbbüslər strateji prioritetlər olaraq
müəyyən edilib. “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat
dəhlizlərinin ölkə ərazisindən keçən hissələrində dəyişən cərəyana
keçidlə bağlı tikilən dartı yarımstansiyalarının istismarı mövcud
sistemə nəzərən 30%-dək daha az enerji sərfiyyatına imkan
verəcək.

Bərpaolunan enerjinin istehsalı üçün dəyişən cərəyanla işləyən
lokomotivlərin texniki baxış və təmirinin həyata keçirilməsi
məqsədi ilə yeni inşa edilmiş Biləcəri lokomotiv deposunda gücü 66
Kvt olan 147 ədəd günəş paneli və isitmə məqsədi ilə 160 ədəd günəş
paneli, yeni inşa edilmiş Gəncə lokomotiv deposunda isə gücü 66 Kvt
olan 210 ədəd günəş paneli və isitmə məqsədilə 140 ədəd günəş
paneli quraşdırılıb. Bundan başqa, Avropa Yenidənqurma və İnkişaf
Bankının dəstəyi ilə həyata keçirilmiş texniki yardım layihəsi
çərçivəsində 2019-cu ildə beynəlxalq məsləhətçi şirkət tərəfindən
hazırlanmış “ADY-də elektrik enerjisinin satışı, yenilənmə və
enerji səmərəliliyi üzrə ilkin texniki-iqtisadi əsaslandırma”
hesabatında elektrik enerjisinin idarə edilməsi və
kommersiyalaşdırılması, enerji səmərəliliyi və bərpa olunan enerji
istehsalı, eləcə də əsas əməliyyat istiqamətləri üzrə prioritet
investisiya planlarına dair təhlillər edilib.

Eləcə də Asiya İnkişaf Bankı ilə birgə həyata keçirilən “Dəmir
Yolu Sektorunun İnkişafı Proqramı” çərçivəsində elektrik, yanacaq
və digər enerji resursları sərfinin azaldılması məqsədilə bir sıra
islahatlar aparılıb.

Teqlər: