BƏƏ liderinin Bakı səfəri: Sülh Əbu-Dabidə imzalana bilər?

BƏƏ liderinin Bakı səfəri: Sülh Əbu-Dabidə imzalana bilər?

Birləşmiş Ərəb Əmirliklərinin Cənubi Qafqaza marağı getdikcə artır. Hazırda BƏƏ ilə ölkəmiz arasında geniş iqtisadi əlaqələr qurulub, bir sıra sahələrdə, eyni zamanda alternativ enerji ilə bağlı böyük layihələr həyata keçirilir.

Bu sözləri AzerTimes-a BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın Azərbaycana rəsmi səfəri haqqında danışan politoloq Elxan Şahinoğlu deyib.

Siyasi şərhçi Əbu-Dabinin Ankara, Bakı və İrəvan ilə çoxtərəfli əlaqələr qurduğunu, buna görə də Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə töhfə verə biləcəyini qeyd edib:

“Əbu-Dabinin “Abşeron” qaz yatağında payı var. BƏƏ-nin Ermənistanla da çox ciddi iqtisadi əlaqələri mövcuddur. Son on ayda iki ölkə arasında ticarət dövriyəsi 1 milyard dolları keçib. Digər tərəfdən Əbu-Dabinin Ankara ilə ticarət dövriyəsi yaxın illərdə 50 milyard dollara çatacaq. Bütün hallarda BƏƏ Avrasiya və Cənubi Qafqazda öz fəallığını artırıb. Fikrimcə, buna həm siyasi, həm də kommunikasiya xətlərinin açılmasına olan maraq öz təsirini göstərə bilər. BƏƏ Azərbaycanın bölgənin açar dövləti olduğunu anlayır. Qərbi Zəngəzur dəhlizinin də açılması ilə ölkəmizin geostrateji mövqeyi güclənəcək və önəmi artacaq. Fikrimcə, Əbu-Dabinin Zəngəzur dəhlizi layihəsində iştirak etmək istəyi də ola bilər. Bu haqda əvvəl də danışmışdım. Əgər BƏƏ həm Azərbaycan, həm də Ermənistanla əlaqələrini inkişaf etdirirsə, iki ölkə arasında gedən sülh prosesində də hansısa rolu oynamaq təşəbbüsü ilə çıxış edə bilər. Misal üçün, ölkəmizdə sülh müqaviləsinin harada imzalanacağı məsələsi haqda geniş müzakirələr aparılır. ABŞ yaramır, çünki Rusiya buna mane olacaq; Rusiya yaramır, çünki Ermənistan istəmir; Avropa ehtimalı da azdır. Əvvəllər Gürcüstan parametrlərə daha uyğun gəlirdi. Hazırda BƏƏ bitərəf ölkə kimi bu statusa uyğundur. Nəzərə alın ki, az öncə BƏƏ Ukrayna və Rusiya arasında əsir mübadiləsinə də vasitəçilik etdi. Yəni BƏƏ-nin sülh və humanitar missiyası özünü doğruldur”.

Teqlər: