Bədii gimnastika üzrə Dünya Kuboku yarışları çox xoş təəssüratlar bəxş etdi – “Avroviziya-2011″in qalibləri (FOTO)

Bədii gimnastika üzrə Dünya Kuboku yarışları çox xoş
təəssüratlar bəxş etdi.

Bunu AzerTimes-a yarışları tamaşaçı qismində ziyarət edən “Avroviziya-2011″in qalibləri, Azərbaycanın tanınmış ifaçıları
Eldar Qasımov və Nigar Camal deyiblər.

“Dünya Kuboku möhtəşəm təşkil olunub, tədbir bizə çoxlu xoş
təəssürat və müsbət emosiyalar bəxş etdi. Milli Gimnastika
Arenasında heyrətamiz ab-hava var. Amma ən əsası Azərbaycan
komandasının qələbəsidir, gimnastlarımızı təbrik edirik. Onların
qələbəsinin şahidi olmaqdan məmnunuq”, – deyə E.Qasımov
bildirib.

“Yarışlar möhtəşəmdir, parlaqdır, təşkilatçılar hər şeyi ən
xırda detallarına qədər düşünüblər. Azərbaycanın tədbirlərə daha
çox ev sahibliyi etməyini istərdim”, – deyən Nigar Camal kiçik
qızının Londonda idman gimnastikası ilə peşəkar şəkildə məşğul
olduğunu bildirib.

Eldar Qasımov və Nigar Camal hansısa gimnastika yarışının ulduz
səfirləri olmaqdan məmnun olacaqlarını vurğulayıblar.

“Bu, bizim üçün böyük şərəf olardı, bu yolla da idmanın əhali
arasında yayılmasına öz töhfəmizi verərdik. İdman həmişə həyatdır,
sağlamlıqdır və hamımız bilirik ki, idman gimnastikadan başlayır.
İstərdik ki, gənc nəsil idmana daha çox maraq göstərsin, bütün
vaxtını sosial şəbəkələrdə keçirməsin. İdmanla məşğul olmaq –
yüksək məqsədlərə çatmaq, işləmək, irəliləmək üçün motivasiya edir
və xarakter, iradə və nizam-intizam hissini tərbiyə edir”, – deyə “Avroviziya-2011″in qalibləri bildirib.

Eldar Qasımovun sözlərinə görə, bədii gimnastika öz istiqamətinə
görə rəqs sənətinə yaxındır.

“Bədii gimnastika idman və incəsənətin birləşməsidir. İdmançı
bunu düzgün birləşdirə bilirsə, gözəl nəticə alınır. İdman da
musiqi kimi insanları bir araya gətirir”, – deyə E.Qasımov əlavə
edib.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə
Dünya kuboku keçirilib. Azərbaycanın gimnastika növləri üzrə bu il
ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi
və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast
iştirak edib.

Teqlər: