Bədii gimnastika: Komandamız 5-ci oldu

Bədii gimnastika: Komandamız 5-ci oldu

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda fərdi proqramda mübarizə aparan gənc komandalar arasında qaliblər müəyyənləşib.

AzerTimes xəbər verir ki, turnirin ikinci günündə İsrail komandası 126 800 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bolqarıstan komandası 121 700 xalla ikinci, Rumıniya komandası isə 120 850 xalla üçüncü yeri tutub. Azərbaycanı təmsil edən Fidan Qurbanlı, İlahə Bahadırova, Gövhər İbrahimova və Şəms Ağahüseynovadan ibarət kollektiv isə 117 900 xalla beşinci pillədə qərarlaşıb.

Ardınca qaliblərin mükafatlandırma mərasimi baş tutub. Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə ilk üç yeri tutan gənclərdən ibarət komandalara medal və hədiyyələrlə yanaşı, pul mükafatı da təqdim olunub. Qalibə 1300, ikinci yeri tutana 1000, üçüncü yerin sahibinə isə 700 avro verilib.

Bununla da Avropa Kubokunun ikinci gününə yekun vurulub.

Qeyd edək ki, turnirin ümumi mükafat məbləği 40 min avrodur. Mayın 5-nə kimi davam edəcək yarışlarda 37 ölkədən ümumilikdə 160 gimnast iştirak edir.

Teqlər: