Bayramov Çaba Köröşini qəbul etdi

Bayramov Çaba Köröşini qəbul etdi

Martın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkədə səfərdə olan BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Köröşini qəbul edib.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

C.Bayramov Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirakına görə ona təşəkkürünü bildirib, ölkənin sədrliyi çərçivəsində təşkil edilmiş Zirvə Görüşünün əhəmiyyətindən bəhs edib.

Nazir BMT nümayəndələrinin son illərdə ölkəmizə səfərlərindən, BMT Baş Assambleyasının prezidentinin ofisi ilə faydalı əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək BMT-nin gündəliyində duran məsələlər üzrə müzakirələrdə Azərbaycanın fəal iştirakını və təşəbbüslərini diqqətə çatdırıb.

Görüşdə həmçinin bölgədəki vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mövcud mina təhdidləri, Ermənistanla münasibətlərin normallaşdırılması, o cümlədən sülh gündəliyi üzrə Azərbaycan tərəfindən atılan addımlar qeyd edilib.

Ç.Köröşi öz növbəsində dəvətə görə minnətdarlığını bildirib, Qoşulmama Hərəkatının ölkəmizin sədrliyi dövründə artan rolundan bəhs edib. O, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyinin uğurla icrasını təqdir Azərbaycanın COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirib.

Tərəflər həmçinin BMT gündəliyində duran qarşılıqlı maraq doğuran digər məsələləri və cari regional vəziyyəti müzakirə ediblər.

Teqlər: