Bayram Hacıyevlə bağlı cinayət işi məhkəməyə göndərilib

Vəzifəli şəxslərə hədə-qorxu gələrək onların pul vəsaitlərini
ələ keçirən sosial media istifadəçisi barəsində olan cinayət işi
məhkəməyə göndərilmişdir.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, sosial şəbəkə
və informasiya resurslarının imkanlarından sui-istifadə edərək
ayrı-ayrı şəxslərin şəxsi toxunulmazlıq hüququna qəsd edən Hacıyev
Bayram Nazim oğlunun qanunsuz əməlləri ilə əlaqədar həyata
keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
başlanmış cinayət işinin istintaqı tamamlanmışdır.

Aparılmış istintaq tədbirləri ilə Bayram Hacıyevin ayrı-ayrı
vaxtlarda müxtəlif vəzifəli şəxslərin onlar barəsində həqiqəti əks
etdirməyən rüsvayedici məlumatların “Youtube” video paylaşım
platforması və “Facebook” sosial şəbəkəsində yaratdığı şəxsi
səhifələrində yayımlayacağı ilə hədələyib sonunculardan müxtəlif
məbləğlərdə pul vəsaitini tələb edib almasına əsaslı şübhələr
müəyyən edilmişdir.

Bayram Hacıyevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə
tələb etmə- təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilmiş
və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması
üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Teqlər: