Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı sözləri ABŞ və Türkiyənin hərbi münasibətlərinə təsir etməyəcək – Pentaqon

ABŞ Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatı ABŞ və Türkiyənin hərbi münasibətlərinə təsir göstərməməlidir.

AzerTimes-ın məlumatına görə, bun jurnalistlərə açıqlamasında Pentaqonun mətbuat katibi Con Kirbi deyib.

C.Kirbi bildirib: “Biz Türkiyə ilə hərbi münasibətlərdə hər hansı bir dəyişiklik gözləmirik. Türkiyə bizim NATO üzrə müttəfiqimizdir. Prezidentin ötən həftənin sonu verdiyi bu açıqlamasının münasibətlərimizə heç bir şəkildə təsir etməyəcəyini gözləmirik”.

Pentaqonun mətbuat katibi əlavə edib ki, ABŞ və Türkiyənin hərbi sahədə əlaqələri yalnız güclənəcək.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırım” sözünü işlədib.

Ermənistan və erməni lobbisinin iddiasına əsasən, Türkiyənin sələfi olan Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı “soyqırım” törədib.

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə tarixində ermənilərə qarşı heç bir soyqırım olmayıb. 1915-ci il hadisələrinin araşdırılmasına ehtiyac var.

Türkiyə Ermənistanı 1915-ci il arxivlərini açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan Türkiyənin bu təklifinə hələ də cavab verməyib.