Baxın videoya: bu, terrordur, Əhmədi onlar yetişdirib

Baxın videoya: bu, terrordur, Əhmədi onlar yetişdirib

Ötən gün Bakıda, Xətai rayonunda baş verən qətliama qətl hadisəsi kimi baxmaq doğru deyil, bu, terrordur.

Qonşunun gözlükdən çəkdiyi görüntüləri, yəqin, çoxlarınız izləməyə fürsət tapdınız – indi media bu dəhşəti silir, ancaq yeni mediadan az-çox başı çıxanlar bilir ki, nəyinsə qarşısını almaq mümkün deyil: hadisə varsa, ən dəhşətli səhnələri ilə yayılır – istər müharibə olsun, istər qətl, istərsə də terror; ört-basdırla dərd həll olunmaz!

O kadrlarda nəyi görürük? Bir əsəbi, dəli, psixi pozuntusu olan şəxsin vəhşiləşmiş əməlinimi?

Təəssüf ki, yox: biz öz işini soyuqqanlılıqla görməyə öyrəşmiş terrorçu görürük, o, sakit tərzdə qətliamı icra edir. Sanki cəlladdır və bu da onun adi işidir.

Cəmiyyəti silkələməli olan hadisədir və silkələyib də. Nə baş verir, bu qədər dəhşətli şiddətin, terrorun səbəbi nədir?

Kimdir günahkar? Belə bir terrorçunun yetişdiyinə görə biz heçmi günahkar deyilik?

Əhməd 10 il əvvəl, 15 yaşında ikən öz həmyaşıdını 30 bıçaq zərbəsi ilə öldürəndə biz hardaydıq? Bu olayı xatırlayan varmı? Mediada yayılıbmı? Bunu sosioloqlar, psixoloqlar nəzarətə götürüb, ictimai müzakirələr aparıblarmı? İstintaq necə gedib və nə qərar qəbul edib?

Cəmiyyət olaraq 10 il öncə bu hadisənin yat-yut olunmasına göz yummuşuq. Məsələ təkcə onun qətlə yetirdiyi yeniyetmə və onun ailəsinin iztirablarına rəhimsizliyimiz deyil, bütövlükdə necə bir terrorçu yetişdirdiyimizə laqeydliyimizdir.

Hansı xəstəxana, hansı həkim onu “dəli” çıxarıb; hansı xəstəxana, hansı həkim bu “dəlinin” artıq sağaldığını təsdiqləyib?

Ata – sayılıb-seçilən, imkanlı, xeyirxah biznesmen, ana – böyük bir məktəbin direktoru, sosial şəbəkələrdə ciddi şəxslərin Bikə Əhmədova haqqında yazdıqlarından belə nəticəyə gəlmək olur ki, yaxşı insan, yaxşı müəllim, yaxşı direktor imiş.

Ancaq pis ata, pis ana, pis valideyn olublar – eynilə xalqımıza xas xüsusiyyətləri ilə aydın, ziyalı, uzaqgörən yox, korafəhm davranıblar, burunlarından uzağı görməyiblər. Necə ki, Azərbaycan xalqı erməniləri onillərlə “kirvəm” deyib qoynunda əzizlədi, canı-qanı ilə bəslədi, həmən tərzdə bu ata-ana da qatil-terrorçu yetişdirdiklərini gizləyiblər, ona idmançı kimi güc-qüvvət veriblər, ev-maşın alıb, imkanlı ediblər ki, daha da vəhşiləşsin.

Nə düşünürdü bu biznesmen ata, ziyalı ana?

Heç bir anlaqsızlıqdan, dəlilikdən söhbət gedə bilməz. Bacısını soyuqqanlı tərzdə öldürüb, atasını doğrayıb, sonra da anasına zəng edib, sakit şəkildə evə çağırıb, onu da kiçik qardaşı ilə birgə doğrayan oğul bunu planlaşdırıb.

Və bu terrorçunu onlar özləri bəsləyib, bizim, yəni cəmiyyətin yardımı ilə.

Ona dəlilik və sağlamlıq kağızı verən həkimin vicdanı sızıldayırmı?

Ona sürücülük vəsiqəsi verən polisin vicdanı ağrıyırmı?

10 ildir dəhşətli qətl törədib, cəzadan yayınmağı bacardığına görə bu olayı bilən-görən və susan qohum-qonşu, cəmiyyətin bir kəsimi nə düşünür?

10 ildir yetişən, gözümüzün qarşısında böyüyən bu terrora kimsə dur deməyib, heç bir “profilaktik tədbir” görülməyib…

Hadisənin şokunu yaşayıram: 25 yaşında şəxs… Bir gənc necə belə soyuqqanlı terakt törədə bilər? Və Əhməd təkdirmi, bu cəmiyyətdə nadir hadisədirmi?

Qorxuram ki, yox!

Bir çoxları İlahi Ədalətdən danışır: 10 il əvvəlki qətlə görə cəzadan yayındırıldığı üçün ailə elə məhz qatilin əli ilə məhv edildi, üstəlik, 10 il əvvəl 10 il cəza alacaq şəxsi indi ömürlük cəza gözləyir.

Budur təsəlliniz? Sosial şəbəkələri dünəndən başına götürən “haqq oldu” ilə özünüzü toxdadıb, yaxanızı qırağa çəkə bilməzsiniz.

Əhmədovların qanı dünən hamımızın üstünə sıçradı: o həkimin, o xəstəxananın, o sürücülük vəsiqəsi verənin, onu taksi işləməyə qəbul edənin, gözlükdən bu olayı videoya çəkənin, Əhmədin cinayətini ört-basdır edən müstəntiqin…

Hamımızın vicdanında bir ləkə yarandı. Necə təmizləyəcəyik?

Heç bir problem ört-basdır edilməklə həll edilmir – bu, cəmiyyətdə də belədir, dövlətdə də, xalqda da. Problemin üstünə getmək, çılpaqlığı ilə göstərmək və ümumi həlli üçün hərəkət etmək lazımdır.

Bu, ailədən başlamalıdır – oğlunun narkomanlığını ört-basdır edib, ona elçi gedib, gözəl-göyçək bir qız alan varlı-hallı ata nə boyda dəhşətə yol açdığını bilirmi? Cəmiyyətdə hər gün belə faktlarla rastlaşmırıqmı? Neçə ata “evlənsin, bəlkə düzəldi” düşüncəsi ilə elçi gedib, bir qızın bədbəxtliyinin baiskarı olur?

Nə qədər valideyn övladının tərbiyəsi ilə məşğul olmaq əvəzinə naqisliklərini ört-basdır etməyə çalışır?

Özümüzdən başlayaq, özümüzdən – yoxsa bu terror evimizə qədər girəcək.

Bu qətliamla bağlı isə uzun, çox uzun istintaq getməlidir: bütün şəbəkə – Əhmədi terrorçuya çevirənlərin hamısı cəzasını almalıdır – həkimindən tutmuş taksi şirkətinə, müstəntiqinə qədər…

Teqlər: