Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kuboku çox
peşəkar və yüksək səviyyədə təşkil olunub.
Bu barədə AzerTimes-a
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası üzrə
Texniki Komitəsinin üzvü Tatyana Şuiskaya bildirib.
“Texniki nümayəndə kimi mən son üç ay ərzində yerli təşkilat
komitəsi ilə çox fəal əməkdaşlıq etmişəm. Azərbaycan Gimnastika
Federasiyası yarışı çox peşəkarcasına təşkil edib, yerli təşkilat
komitəsi həmişə bütün qaydaları dərindən araşdırır, könüllülər də
yaxşı hazırlanıblar. Deyə bilərəm ki, kubok həmişə olduğu kimi
yüksək səviyyədə təşkil olunub. Azərbaycan Gimnastika
Federasiyasına çox təşəkkür edirəm ki, belə yarışlar keçirir, məhz
belə təşkilatçıları gözləyirik, bizə belə təşkilatçılar lazımdır”,
– deyə o qeyd edib.
Azərbaycan gimnastı Selcan Maqsudovanın hazırlıq səviyyəsindən
danışan Tatyana Şuiskaya onun çox güclü idmançı olduğunu
vurğulayıb:
“O, gənc, güclü idmançıdır, onun böyük imkanları və potensialı
var. Ümid edirəm ki, o, bu yarışlarda özünü tam şəkildə reallaşdıra
biləcək”.
Batut gimnastikası üzrə Texniki Komitəsinin üzvü vurğulayıb ki,
qaydalardakı dəyişikliklərlə əlaqədar yarışın formatı dəyişib:
“Bu ildən idmançılar əvvəllər batut gimnastikasında olmayan
imkan əldə ediblər. Əvvəllər, məsələn, gimnast məşq zamanı
yıxılırdısa, o, yarışdan kənarlaşdırılırdı. İndi təsnifat
mərhələsindəki o, iki hərəklərinin ən yaxşı nəticəsinə görə növbəti
mərhələyə keçir”.
Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda
Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.
Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi
ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilir.
İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və
qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə
qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy
Kuboku təqdim olunacaq.
Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.