Xəbər - Cani Babayeva – Trend:
Batut gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi gimnastların idman formasını və potensialını qiymətləndirməyə imkan verib.
Bunu AzerTimes-a Azərbaycan millisinin baş məşqçisi Vladimir Şulikin bildirib.
Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar iki illik fasilədən sonra respublika yarışları bərpa edilib.
“Bu müddətdə bir çox atlet yarışlara qatılmırdı, lakin əsas komanda yarışda yaxşı nəticə göstərdi. Bu turnir mənə gimnastların hansı formada olduğunu görməyə, onların potensialını qiymətləndirməyə imkan verdi. Perspektivli gənc idmançılar var və düşünürəm ki, gələcəkdə onlar milli komandaya düşə bilərlər”, – baş məşqçi qeyd edib.
Vladimir Şulikin əlavə edib ki, batut gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və batut gimnastikası üzrə Bakı çempionatı yeni qaydalara əsasən keçirilib.
“Fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokuna hazırlıq plan üzrə davam etdirilir. Azərbaycanı yarışda Selcan Maqsudova təmsil edəcək, o, finala yüksəlmək üçün mübarizə aparacaq. Mən onun bugünkü yarışlardakı çıxışını müsbət qiymətləndirirəm, əlbəttə ki, görüləsi iş də var”, – deyə V. Şulikin əlavə edib.
Baş məşqçi vurğulayıb ki, Seljan Maqsudova gələcəkdə əsas startda – İtaliyada keçiriləcək Avropa çempionatında iştirak etməyi planlaşdırır.
Qeyd edək ki, yanvarın 29-da Bakı Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı keçirilib.
Çempionat və birincilikdə ümumilikdə batut üzrə 34, tambliq üzrə 20 idmançı iştirak edib.
Turnirdə idmançılar fərdi proqramda batut üzrə balacalar (2015), uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük), tamblinq üzrə uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparıb.
Yarışlar Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilib.