Xəbər - Cani Babayeva – Trend:
Düşünürəm ki, batut gimnastikası qaydalarına edilən
dəyişikliklər idmançıların xeyrinə olacaq, və onlar özlərini daha
yaxşı göstərə biləcəklər.
Bu barədə AzerTimes-a
rusiyalı gimnast, Bakıda keçirilən batut gimnastikası üzrə Dünya
Kuboku yarışlarının iştirakçısı Yana Lebedeva deyib.
“Batut gimnastikasında yeni qaydalar maraq doğurur, əvvəllər heç
vaxt belə olmayıb. Biz buna hələ tam öyrəşməmişik, ona görə də bir
az qeyri-adi hiss keçiririk. Düşünürəm ki, dəyişikliklər
gimnastların xeyrinə olacaq,” – deyə Y.Lebedeva vurğulayıb.
Rusiyalı idmançı Azərbaycana yarışlara dəfələrlə gəldiyini və
Bakı səfərindən gələn hisslərin həmişə müsbət olduğunu qeyd
edib.
Yana Lebedeva əlavə edib ki, yarış zamanı rəqibləri haqqında
düşünməməyə çalışır, ancaq öz proqramına diqqət yetirir.
Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda
Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.
Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi
ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilir.
İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və
qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə
qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy
Kuboku təqdim olunacaq.
Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.