Basqal-Sulut avtomobil yolunun inşası rahat gediş-gəlişi təmin edib (VİDEO)

Xəbər - Fərid Zöhrabov – Trend:

İsmayıllı rayonunda yenicə istifadəyə verilmiş Basqal-Sulut avtomobil yolu rahat gediş-gəlişi təmin etməklə yanaşı, əhatə etdiyi 11 yaşayış məntəqəsində kənd təsərrüfatı və turizmin inkişafına, yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, başlanğıcını respublika əhəmiyyətli Muğanlı-İsmayıllı yolunun 17-ci km-dən götürən Basqal-Sulut avtomobil yolunun inşası AAYDA tərəfindən aparılıb.

Avtomobil yolunun uzunluğu 30,1 km, hərəkət hissəsinin eni isə 6 metrdir. Yol üzərində dörd yeni avtomobil körpüsü də inşa edilib. İki hərəkət zolaqlı yol 4 min nəfər əhalinin yaşadığı Basqal, Qıçatan, Tağlabiyan, Kəlfərəc, Zeyvə, Kürdüvan, Xankəndi, Mücü, Sərsurə, Kələzeyvə və Sulut kəndlərini birləşdirir.

Əvvəllər yolun torpaq əsaslı və çınqıl örtüklü olması rahat və təhlükəsiz gediş-gəliş üçün problemlər yaradırdı. Layihəyə uyğun yolun 5-ci dərəcədən 4-cü texniki dərəcəyə təkmilləşdirilməsi bu problemləri geridə qoyub.


“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol boyu yeni yol yatağı və yol əsası, zəruri olan yerlərdə müxtəlif diametrli yeni suötürücü dairəvi borular inşa edilib, yolun asfaltlanması işləri icra olunub.

Layihənin sonuncu mərhələsində isə avtobus dayanacaqları inşa edilib, yol nişanları, məlumatverici lövhələr quraşdırılıb, üfüqi nişanlanma xətləri çəkilib. Bununla da yeni yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Teqlər: