“Başla!” adlı sərgi baş tutub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin
tərəfdaşlığı, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə
“ArtCoLab” Yaradıcı Gənclər Platformasının fəaliyyətinin 3-cü
ilinin tamam olması münasibəti ilə platformada təmsil olunan
yaradıcı gənclərin “Başla!” adlı qrup sərgisi təşkil olunub.

Sərgi 29-30 mart tarixləri arasında Muzey Mərkəzində yerləşən
sərgi salonunda açılıb. 27 gənc rəssamın 71 əsəri ictimaiyyətə
təqdim olunub. Sərgilənən əsərlərin əksəriyyəti kətan üzərində
yağlı boya ilə, bir hissəsi isə kağız üzərində rəngli karandaşlarla
işlənmiş müxtəlif mövzulu əsərlər olub. Açılış mərasimində millət
vəkilləri, ictimai xadimlər, gənc rəssamlar və kreativ sənayedə
çalışan menecerlər iştirak edib.

İlk olaraq aparıcı Firuzə Cəlilova qonaqları salamlayaraq
tədbiri açıq elan edib. Sonra isə “Davam” Gənclər Hərəkatının sədri
Nihad Allahyarlı sərgi ilə bağlı ətraflı məlumat verib. Öz
növbəsində millət vəkilləri Aydın Mirzəzadə, Vüqar İskəndərov,
Tamam Cəfərova, Məzahir Əfəndiyev, İlham Məmmədov, Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş
şöbəsinin müdiri Fuad Babayev, RHİM İctimai Birliyinin sədri Arzu
Bağırova, “ArtColab” Yaradıcı Gənclər Platformasının rəhbəri Çinarə
Quliyeva və proqram meneceri Casiyət Abdullayeva çıxış edərək
fikirlərini bildiriblər.

Sərginin məqsədi gənc rəssamların kəşf edilməsi və cəmiyyətə
tanıdılması ilə yanaşı, onların əsərlərini ictimaiyyətə təqdim
etmələrinə şərait yaratmaqdır.

Qeyd edək ki, “ArtCoLab” Yaradıcı Gənclər Platforması 5 fevral
2019-cu ildən fəaliyyət göstərir.

Teqlər: