Azərbaycan Respublikası Baş Prokurorluğunun inzibati binasında
“Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və
Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin
üzvlərinin və Baş Prokurorluğun əməkdaşlarının iştirakı ilə
“Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə
həsr olunmuş” tədbir keçirib.
“Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və
Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin
üzvlərinin, Baş Prokurorluğun əməkdaşlarının və gənc prokurorluq
işçilərinin iştirakı ilə 06 may 2022-ci il tarixdə Baş
Prokurorluğun inzibati binasında “Ümummilli lider Heydər Əliyevin
anadan olmasının 99-cu ildönümünə həsr olunmuş” tədbir
keçirilib.
Tədbirdə veteranlar və prokurorluq əməkdaşları tərəfindən
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 14 iyul 1969-cu ildən
başlayaraq respublikaya rəhbərlik etməsi ilə Azərbaycanda yeni bir
tarixi dövrün təməlinin qoyulması, onun fəaliyyətinin gələcəkdə
müstəqillik əldə edəcək Azərbaycanın öz suverenliyini qoruyub
saxlaması üçün həyati vacibliyi, iqtisadi və sosial inkişaf
baxımından digər sovet respublikalarından geri qalan Azərbaycan
Respublikasının məhz Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən
siyasəti nəticəsində qısa müddət ərzində regionun və bütün Sovetlər
birliyinin lider respublikalarından birinə çevrilməsi, kənd
təsərrüfatının, yüngül və ağır sənayenin, təhsilin, idmanın,
mədəniyyətin, incəsənətin və ümumilikdə bütün sahələrin
inkişafında, sovet dövründə gənc milli kadrların hazırlanmasında
Ulu öndərin müstəsna rolu qeyd edilib.
Bundan əlavə, tədbir zamanı yenicə qazandığı müstəqilliyini
itirmək təhlükəsi ilə üzbəüz qalmış müasir Azərbaycan dövlətinin
məhz Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
gəlməsi ilə xilas olması, dövlət idarəçiliyi və azərbaycançılıq
ideyalarının əbədiliyi, gənclər siyasəti, həyat yolu barədə,
həmçinin Ulu Öndərin Azərbaycan Prokurorluğunun inkişafında
müstəsna rolu barədə gənc prokurorluq əməkdaşlarına məlumat
verilmiş, məhz tarixdə ilk dəfə “Prokurorluq haqqında”,
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və prokuroluğun
fəaliyyətini tənzimləyən digər qanun və normativ aktların qəbul
olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu
vurğulanıb.
Ulu öndər Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu
quruculuğu sahəsində də apardığı siyasətin məntiqi nəticəsi olaraq,
30 ilə yaxın işğal altında olmuş torpaqlarımızın onun ən layiqli
davamçısı, Vətən müharibəsinin fatehi Müzəffər Ali Baş Komandan
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin başçılığı
ilə işğaldan azad olunması xüsusi vurğulanıb.