Baş nazir Əli Əsədov Bakıda keçirilən sərgilərlə tanış olub (FOTO)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 18-də
Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd
Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgiləri
ilə tanış olub.

Nazirlər Kabinetindən AzerTimes-a bildirilib ki, kənd təsərrüfatı
naziri İnam Kərimov sərgilərlə bağlı məlumat verdi. Bildirildi ki,
belə bir beynəlxalq tədbirin keçirilməsinin başlıca məqsədi
Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və qida sənayesi
məhsullarının təşviqi, həmçinin bu sahələrin daha da inkişafı üçün
xarici şirkət və sərmayədarların diqqətinin cəlb edilməsidir.
Məlumat verildi ki, sərgilərdə dünyanın 24 ölkəsini təmsil edən 449
şirkət iştirak edir.

Burada, eyni zamanda, artıq icrasına başlanan və eləcə də
işğaldan azad edilmiş Qarabağ ərazilərində həyata keçirilməsi
planlaşdırılan layihələr təqdim olunur.

Baş nazir Ə.Əsədov Azərbaycan Respublikasi Kənd Təsərrüfati
Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin,
həmçinin müxtəlif ölkələrin pavilyonları ilə tanış oldu.

Tanışlıq zamanı Baş nazir Ə.Əsədov Türkiyə Respublikasının kənd
təsərrüfati və meşəçilik naziri Vahit Kırışçı və İsrail Dövlətinin
kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer ilə
söhbət etdi.

Teqlər: