Banklar rayonlara niyə az kredit ayırır? – Deputat

Banklar rayonlara niyə az kredit ayırır? – Deputat

Mərkəzi Bankın məlumatına görə, 31 iyul 2023-cü il tarixinə Azərbaycanda kredit portfelinin həcmi 21 milyard 372 milyon manat olub. Bu, əvvəlki aya olan məbləğ ilə müqayisədə 76 milyon manat artım deməkdir. Bununla belə, rəsmi statistika göstərir ki, hələ də rayonlarda yaşayan vətəndaşlarımızın və eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanların kreditlərə çıxış imkanları məhdud olaraq qalmaqdadır.

AzerTimes xəbər verir ki, bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.

“Belə ki, ümumi kredit portfelinin 16 milyard 336 milyon manatı Bakıda qeydə alınıb. Bu o deməkdir ki, ümumi kredit porteflinin 76 faizindn çoxu paytaxtın payına düşüb. 805 milyon manat isə Abşeron-Xızı iqtisadi rayonunda təklif olunub. Bu isə o deməkdir ki, bankların verdiyi hər 100 manat kreditin 80 manatından çox Bakı və Abşeronun payına düşür. Bu eyni zamanda ondan xəbər verir ki, regionların kreditlərə çıxış imkanları məhdud olaraq qalmaqdadır.

Bir sıra iqtisadi rayonlar üzrə kredit qoyuluşları hələ də kiçik olaraq qalmaqdadır. Məsələn, böyük potensialı olan Dağlıq Şirvanda 151, Mil-Muğan iqtisadi rayonunda isə 229 milyon manat kredit qoyuluşu qeydə alınıb”, – Bayramov bildirib.

Deputat qeyd edib ki, təhlillərə əsasən, bankların regionlara daha az kredit ayırmasının əsas səbəblərindən biri də rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizmi şərtlərinin ağır olmasıdır:

“Belə ki, banklar əksər hallarda kredit ayıran zaman paytaxtda girov tələb edirlər ki, əksər yerli sahibkarların bu imkanları olmur. O baxımdan, girov mexanizmi təkmilləşdirilməli və regionlarda fəaliyyət göstərən sahibkarlar üçün güzəştli kreditlərin həcmi artırılmalıdır. İnklüziv və balanslı iqtisadi inkişafın güclənməsi üçün regionlarda fəaliyyət göstərən sahibkarların ucuz kreditlərə çıxış imkanlarının artırılması vacib şərtlərdəndir”.

Teqlər: