Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son iyirmi
gündə keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotik
vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər tutularaq
məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata
görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir
zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Əhməd
Məmmədov,Mehdi İsayev və Fərhad Layıcov saxlanılıblar. Şəxsi
axtarış zamanı saxlanılanlar hər birindən müxtəlif çəkilərdə
qurudulmuş marixuana aşkarlanıb. Aparılan araşdırmalar zamanı
onlara narkotik vasitəni satan şəxslərin Fərrux Xəlilov, Rəvan
Şabanov və Yaşar Mahamacanov oluqları müəyyən edilib. Onlar
tutularaq istintaqa təqdim ediliblər. Narkotacirlərdən satdıqları
narkotik vasitədən əldə etdikləri pul və marixuana aşkar edilərək
maddi sübut kimi götürülüb.
Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə daha 6
nəfər-Rasim Məmliyev,Çıraq Çıraqov, Şaban Qıstarov,Səbuhi
Misirov,Rafael Manafov və Vəfadar Osmanov saxlanılıb. Onlardan
külli miqdarda heroin, eləcə də qurudulmuş marixuana
aşkarlanıb.
Yaşadığı ünvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə
məşğul olan Ramil Dibirov da polis əməkdaşları tərəfindən
saxlanılaraq məsuliyyətə cəlb edilib. Onun yaşadığı ünvana baxış
keçirilən zaman evin içərisində aqrotexniki qulluq göstərməklə
yetişdirdiyi çətənə bitkisinin şitilləri qablaşdırılaraq
götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, zəruri
əməliyyat-istintaq tədbirləri davam etdirilir.