Balakəndə əcnəbi narkotacirə kuryerlik edən şəxsdən 10 kiloqram narkotik götürülüb (FOTO/VİDEO)

Xəbər - Samir Əli. – Trend:

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən
külli miqdarda narkotik vasitə və psixotrop maddələri qəbul edib,
onlayn yolla əvvəlcədən deyilən ünvanlara qoymaqla satışını təşkil
edənlər tutulub. Nəticədə 10 kiloqrama yaxın narkotik dövriyyədən
çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan AzerTimes-a
verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən tədbir
zamanı Bakı şəhər sakinləri – əvvəllər bir neçə dəfə məhkum olunmuş
Nurlan Rzayev və Elçin Kərəkməzli, eləcə də Sumqayıt sakini Zaur
Rzayev saxlanılıb.

Taksi fəaliyyəti ilə məşğul olan sonuncunun idarə etdiyi
“Toyota” markalı avtomobilə baxış keçirilərkən 7 kiloqram 400 qram
qurudulmuş marixuana, 2 kiloqrama yaxın heroin və 312 qram
psixotrop maddə olan metamfetamin aşkarlanıb. Şəxsi axtarış zamanı
N.Rzayevdən isə heroin götürülüb.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Nurlan Rzayev qonşu
ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə
narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsilə
əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb olunub.
Sonuncu dəfə isə həmin əcnəbi şəxsin narkotik vasitəni Balakən
rayonu ərazisindən Gürcüstana keçirmək cəhdi baş tutmadığından o,
kuryerindən Balakəndə olan narkotik vasitəni götürüb, Bakıya
aparmasını istəyib.

Bunun qarşılığında isə Nurlana 5 min manat verəcəyəni bildirib.
Razılığa gəldikdən sonra N.Rzayev tanışları Z.Rzayev və
E.Kərəkməzli ilə Balakənə gəlib, narkotik vasitəni “WhatsApp”
üzərindən ona göndərilən şəkillərdə göstərilən yerdən götürüb, geri
qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılıblar. Saxlanılan
şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla
bağlı araşdırmalar davam etdirilir.

Teqlər: