“Alstom” şirkəti işğaldan azad edilmiş ərazilərdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Fransanın “Alstom” şirkəti “Azərbaycan Dəmir Yolları” QSC (ADY)
ilə əməkdaşlığı genişləndirməkdə, eləcə də Azərbaycanın işğaldan
azad edilmiş ərazilərində layihələrin həyata keçirilməsində
maraqlıdır.

Bunu Trend
müsahibəsində “Alstom”un Qərbi və Mərkəzi Asiya üzrə idarəedici
direktoru Kanat Alpısbayev deyib.

Onun sözlərinə görə, “Alstom” həm işğaldan azad edilmiş
ərazilərdə, həm də digər regionlarda Azərbaycan dəmir yollarını
bütün lazımi avadanlıqlarla təmin etməyə hazırdır.

Alpısbayev qeyd edib ki, Azərbaycan “Alstom” üçün strateji
əhəmiyyətli bazardır.

“Alstom”-un Azərbaycan Dəmir Yolları ilə tərəfdaşlığının inkişaf
səviyyəsi əməkdaşlığın dinamik inkişafına ümid yaradır. Şirkətimiz
istehsalçı və texnologiya sahibi kimi Azərbaycanın dəmir yolu
marşrutlarını həm işğaldan azad edilmiş ərazilərdə, həm də digər
bölgələrdə bütün lazımi avadanlıqlarla təmin etməyə hazırdır. Biz
həm yeni layihələr, həm də mövcud layihələr sahəsində işləməyə
hazırıq. Bundan əlavə, biz Azərbaycana yüngül relsli nəqliyyatla
yanaşı, şəhərdaxili infrastrukturun inkişafı üzrə xidmətlər,
əhalinin hərəkətliliyini təmin edəcək müasir, yüksək texnologiyalı
və səssiz nəqliyyat vasitələri təklif edə bilərik. Bu təşəbbüslərin
həyata keçirilməsi həm şəhər infrastrukturunun inkişafında, həm də
şəhərlərlə yaxın ərazilər arasında nəqliyyat əlaqələrinin
yaradılmasında yaxşı nailiyyət olardı”, – deyə o bildirib.

Alpısbayevin sözlərinə görə, “Alstom” Azərbaycanla Qarabağda
dəmir yolu nəqliyyatında siqnalizasiya və rabitənin
avtomatlaşdırılması layihələrində işləməyə hazırdır.

“Biz Azərbaycanın inkişafını yaxından izləyirik və nəqliyyat
infrastrukturunun inkişafı və Qarabağın bərpası istiqamətində
addımlar çərçivəsində layihələrin həyata keçirilməsinə, ilk növbədə
urbanizasiya, yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrinin
yaradılması və onların inkişafı sahələrində kömək etməyə hazırıq.
Şirkətimiz Azərbaycanın yeni dəmir yollarını lazımi avadanlıqla
təmin edə biləcək bütün lazımi avadanlıq və texnologiyalara
malikdir. Biz işğaldan azad edilmiş Azərbaycan ərazilərində yüngül
relsli nəqliyyat və ya şəhərətrafı dəmir yolu əlaqəsi sahəsində
layihələr həyata keçirməyə hazırıq. “Alstom”, birgə səylər
nəticəsində bu bölgənin lazımi ehtiyaclarını ödəyə biləcək bütün
lazımi texnologiya və məhsullara malikdir”, – K. Alpısbayev
vurğulayıb.

O, əlavə edib ki, “Alstom”-un MDB regionunda strategiyası
Azərbaycanın dəmir yolları ilə əməkdaşlığın daha da
genişləndirilməsinə yönəlib.

“MDB ölkələri, o cümlədən Azərbaycanı maraqlandıran
əməkdaşlığımızın inkişafı üçün prioritet istiqamətlərdən biri də
“Alstom”un komponentlərinin istehsalının lokallaşdırılması və
lokomotivlərin təmiridir. Bu təşəbbüslərin həyata keçirilməsi MDB
ölkələrinin müasir sənaye sahələrinin yaradılması və sənaye
inkişafının təmin edilməsi, onlarda iş yerlərinin yaradılmasında
əməkdaşlığın daha da inkişafı üçün yaxşı addım olardı.
Azərbaycandakı yeni depolar əsasında biz birgə müasir istehsal və
avadanlıqların təmirini təşkil edə bilərdik”, – Kanat Alpısbayev
bildirib.

Onun sözlərinə görə, Alstom və ADY Azərbaycan üçün əlavə
lokomotiv partiyasının alınması ilə bağlı danışıqlar aparmır. O
qeyd edib ki, QSC üçün 40 yük lokomotivinin tədarükü onun
tələbatını tam ödəyir və ADY-nin inşa etdiyi müasir depolarda
“Alstom” lokomotivlərinə bütün növ texniki xidmət göstərmək
mümkündür.