“Bala diktator”u hakimiyyətə gətirmək istəyirlər – İldırım

“Bala diktator”u hakimiyyətə gətirmək istəyirlər – İldırım

İngiltərənin “Henri Cekson Sosayti” mərkəzinin saytı Rza Pəhləvi ilə onlayn görüş keçirirdi. Bizim nümayəndələrimiz və başqa millətlərdən olan insanlar bu müzakirəyə qatılıb, öz suallarımızı Pəhləviyə vermək istəyirdik. “Pəhləvilərin varisi olaraq babasının cinayətlərini, Azərbaycanda qətlə yetirilən on minlərlə insanın öldürülməsini necə dəyərləndirir, bu hadisəni qınayır, ya yox, onun demoratik anlayışı ilə bu necə uyğundur” kimi suallarımız var idi.

Bu sözləri AzerTimes-a (Güney) İstiqlal Partiyasının sədri, Qeyri-Fars Millətləri Cəmiyyətinin rəhbəri Saleh İldırım deyib.

Partiya sədri sualları ünvana çatdıra bilmədiklərini bildirib:

“Bu millətin dilini, mədəniyyətini atası yasaqlayıb, bu gün də davam edir. Soruşmaq istəyirdik ki, hakimiyyətə gəlsə, atasının törətdiyi bu cinayətləri qınayacaqmı, xalqların hüquqlarını rəsmi olaraq tanıyacaq, ya yox? Bu tipdə sualları qeyri-fars millətin nümayəndələrindən bir neçəsi ona ünvanlamaq fikrində idi. Amma bir neçə gün bundan öncə qeydiyyatdan keçməyimizə baxmayaraq, sayt son dəqiqədə bizim nümayəndələrin iştirakını qəbul etməyib, hamımızın qeydiyyatını ləğv etdi. Nə təsadüfsə, ancaq bizimkilərin qeydiyyatı ləğv olunub. Bu isə Britaniyada keçirilən Pəhləvi ilə görüşün nə qədər qeyri-demokratik və senzuralı olduğunu göstərir. Digər ölkələrdə keçirdikləri toplantılarda da istəyirlər ki, seçilmiş adamlar onun yanında olub, yaltaq suallar versinlər”.

Partiya sədri hesab edir ki, şahın oğlu və onu dəstəkləyən qüvvələr Pəhləvilərin bir vaxtlar törətdiyi cinayətlərin açılmasından ehtiyat etdikləri üçün belə davranış sərgiləyirlər:

“Cinayətlərinin üstünün açılmasından qorxduqları üçün salonları da özləri doldururlar, orada kimin oturmasına özləri qərar verirlər. Avropada, Amerikada belə senzura tətbiq edib, insanların səsini kəsən, onların sualından qorxan bir ünsür sabah hakimiyyətə gələrsə, görün, nə kimi cinayətlər törədər! Babasının, ya da İslam Respublikasının etdiyi cinayətlərdən geri qalacaq, yoxsa onlardan daha artıq cinayət törədəcək? Soydaşlarımızı kimlərinsə yeni diktatoru dirçəldərək bizə təhmil etməsinə mane olmağa çağırıram. Bala diktatorun qarşısında dayansınlar!”

O, həmçinin insan hüquqlarından danışan R.Pəhləvinin atasının minlərlə insanı qətl etdiyi günü (12 dekabr 1946) qurtuluş tarixi kimi andığını xatırladıb.

Teqlər: