Bakıxanov qəsəbəsində küçə təmir olunur

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində
2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonu,
Bakıxanov qəsəbəsində 950 metr uzunluğa malik Əşrəf Yunusov
küçəsinin əsaslı təmiri aparılır.

Agentlikdən Trend-ə bildirilib ki, təmir işləri
çərçivəsində Əşrəf Yunusov küçəsi boyunca köhnə asfalt-beton
örtüyünün üst qatı frezlənərək kənara daşınıb, səth sularının
normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya
quyularının təmiri aparılıb. Bununla yanaşı zəruri olan yerlərdə
piyada səkiləri bərpa olunub, köhnə səki daşları yeni səki daşları
ilə əvəz edilib.

Hazırda küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni
asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bu işlər 9 min
kv.m-dən çox sahəni əhatə edib.

Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin
edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri
aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı
kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə
qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə
vətəndaşların istifadəsinə veriləcək.

Hazırda analoji təmir işləri qəsəbə üzrə uzunluğu 600 metr, eni
isə 12 metr təşkil edən Ruhulla Axundov küçəsində də son mərhələdə
olmaqla icra edilir. Bundan başqa Ramiz Qəmbərov və Şamil Kamilov
küçələrində də təmir işləri aparılır.

Qeyd edək ki, cari ilin “İnvestisiya proqramı”na əsasən Sabunçu
rayonu ərazisində Bakıxanov qəsəbəsi də daxil olmaqla 5 qəsəbə üzrə
ümumi uzunluğu 12.7 km olan küçə və yolların təmiri nəzərdə
tutulub.

Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi
uzunluğu 9 km təşkil edən küçələr təmir edilib.

Teqlər: