Bakının mərkəzindəki parklardan biri yenidən qurulub (FOTO)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda aparılan
abadlıq və quruculuq işləri çərçivəsində park və xiyabanların
salınmasına, mövcud olanların isə yenidən qurulmasına xüsusi diqqət
göstərilir.

Bu sahədə həyata keçirilən işlər çərçivəsində fevralın 16-da
Səbail rayonu, Qurban Abbasov və Ziya Yusifzadə küçələrinin
kəsişməsində “Səbail” parkı aparılan əsaslı yenidənqurma və abadlıq
işlərindən sonra sakinlərin istifadəsinə verilib.

Tədbir zamanı qeyd olunmuşdur ki, yenilənən “Səbail” parkı, ilk
növbədə, paytaxt sakinlərinin istirahətinin yüksək səviyyədə
təşkilinə xidmət edir. Yeni istifadəyə verilən park şəhərsalmanın
standartlarına və müasir tələblərə uyğun şəkildə qurulub. Ərazi
yüksəksəviyyəli infrastruktur əsasında abadlaşdırılıb.

Səbail Rayon İcra Hakimiyyəti tərəfindən parkda aparılan
yenidənqurma işlərinə cari ilin əvvəlindən başlanılmış, əvvəlki
ərazisi 4362 kv.m olan park yeni layihələndirmədən sonra 8096 kv.m
böyüdülərək ümumilikdə 12458 kv.m təşkil etmiş, 9600 kv.m yeni
yaşıllıq sahəsi salınmışdır. Burada 580 ədəd gül, ağac və kol
bitkiləri əkilmişdir.

Parkın ərazisinin işıqlandırılmasına xüsusi önəm verilmiş, belə
ki, ərazinin işıqlandırılması üçün 147 işıq dirəyi və 230 metr
uzunluqda lenta işıqlar, həmçinin 9 ədəd landşaft işıqları
quraşdırılmışdır. Parkın ərazisində müasir tələblərə uyğun 9 ədəd
10 nəfərlik oturacaqlar quraşdırılmış, xüsusi olaraq hərəkət etmək
üçün rezin və daş döşəmələrdən istifadə edilmiş, Parkda “İ love
Sabail” lövhəsi quraşdırılmışdır.

Park ərazisindən dənizkənarı milli Bulvara keçidi təmin edən
pilləkən hissəsi də tam yenidən inşa olunaraq müasir interyerdə
dizayn edilmişdir. Parkda tikinti və abadlaşdırma işləri
aparılarkən əlillərin və fiziki imkanları məhdud olan şəxslərin
rahat şəkildə hərəkət etməsi üçün şərait yaradılmışdır. Eyni
zamanda, bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq
parkda onlar üçün xüsusi guşələr yaradılmış, uşaqlar üçün uşaq
meydançası, idman zonasında müxtəlif trenajorlar və qurğular
quraşdırılmışdır. Yeni park şəhərin sosial-ekoloji vəziyyətinin
yaxşılaşması baxımından böyük əhəmiyyət kəsb edir.

Teqlər: