Bakının mərkəzində casus axtarışı…

Bakının mərkəzində casus axtarışı…

Jurnalist dostum Cavid Zeynallı zəng vurub deyəndə ki, 15 dekabrda S.Vurğun adına Dövlət Rus Dram Teatrında görkəmli yazıçı Kamal Abdullanın “Casus” əsəri Lənkəran Dövlət Dram Teatrının repertuarında tamaşaya qoyulacaq, düzü, həm təəccübləndim, həm də sevindim. Ani olaraq düşündüm, əcəba, Kamal Abdulla kimi böyük yazıçının əsəri niyə mərkəzi teatrlarda yox, əyalət teatrının repertuarında yer alıb? Sevindim, ona görə ki, indi şou-biznesin at oynatdığı, yeniyetmə və gənclərin – həm də təkcə gənclərinmi? – formalaşmaqda olan zövqünü korladığı bir zamanda ciddi teatr tamaşası paytaxtın gözəl bit teatrında yer alır!

Məni qınamayın, bir yandan milli-mənəvi dəyərlərin ucuz, deyərdim ki, yüngül verilişlərdə, sosial şəbəkələrdə urvatdan düşürüldüyü (düşdüyü yox ha!) bir vaxtda, iki ildən artıq tüğyan edən mənşəyi və icadı hələ də məlum olmayan KOVİD adlı bir şeytanın sayəsində kütləvi tədbir sayılan teatr tamaşaları üçün darıxmayıbmı tamaşaçı təbəqəmiz?!

…Cavidin zəngi eynimi açdı və dostum Kamal müəllimin mükəmməl yaradıcılığına bələd olan oxucu kimi səbirsizliklə 15 dekabrı gözləməyə başladım. Az qala saatları sayırdım. Bir az qayğılı, bir az naümid (tamaşa uğur qazanacaqmı) teatra yaxınlaşdım və doğrudan da teatrın qarderobdan başladığına bir daha əmin oldum. Üst geyimləri qarderoba verməyə növbə düzülmüşdü…

Növbəm çatanda artıq zəng çalınırdı. Çoxdan – ən azı 3 il əvvəl eşitdiyim doğma zəng səsi ovqatımı bir az da qaldırdı. Zala daxil olanda həmkarım, jurnalist və alim Vüsalə xanım Ağabəylinin yanındakı boş yerdə əyləşdim və hal-xoşdan sonra dediyi sözlər gümanımın doğruluğuna şübhə yeri qoymadı: “Deyəsən, möhtəşəm tamaşa olacaq! Kamal müəllimin əsərini həvəslə oxumuşam və hesab edirəm ki, əsərə layiq də səhnə ömrü görəcəyik”.

Zal tamaşaçılarla doluydu, bəli, məhz tamaşaçılarla! Tanış simalar – əsl ziyalı kontingenti. Bir sözlə darıxdığımız anşlaq! Tamaşa başlamamışdan qabaq səhnə quruluşu, kitab rəfləri və əsas eksponat – “Yarımçıq Əlyazma!” Bax, Kamal Abdullanın bu möhtəşəm əsərinin səhnə həyatı başlayırdı…

İlk dəfə teatra Bakıda getməyimə baxmayaraq, məni teatr vurğunu edən təhsil aldığım Leninqrad (Sankt-Peterburq) şəhəri oldu. Daha dəqiq, Qorki adına Böyük Dram Teatrı. Teatrın əfsanəvi baş rejissoru Georgi Tovstonoqov, o dövrün” ulduz” aktyor və aktrisaları Oleq Basilaşvili, Sergey Yurskiy, Alisa Freyndlix, Lyudmila Makarova, Svetlana Kryuçkova, Kirill Lavrov və s. adamı sanki ovsunlayırdılar, maqnit kimi teatra çəkirdilər. Sonralar Oleq Basilaşvilidən ştatdankənar müxbiri kimi çalışdığım “Smena” qəzeti üçün müsahibə alanda ilk dediyi sözlər bu idi: “Səhnəyə daxil olanda həyəcanla, heç kimin sezmədiyi məxfiliklə, yarıqapalı gözlərimlə zalı süzüb tamaşaçıları saf-çürük edirəm – kimlər var zalda: ikicə nəfər əsl tamaşaçı görən kimi məsuliyyətim birə-beş artır və hər şeyi unudub rolumun ifasına başlayıram”.

O axşam bəlkə də Lənkəran Dövlət Teatrının bütün heyəti Basilaşvilinin etdiyi kimi səhnəyə daxil olanda gözaltından zalı seyr edib məsuliyyətlərini dərk etdilər və başladılar, nə başladılar! Özümü sanki uzun illər öncə o dövrün əlçatmaz əfsanəvi teatrı sayılan Qorki adına Böyük Leninqrad Dövlət Tearında hiss etdim. Sözün həqiqi mənasında!

Baş rollun – Dədə Qorqudun obrazını yaradan Azərbaycanın xalq artisti Qabil Quliyev mübaliğəsiz əsl Dədə Qorqud idi. Tamaşanın sonunadək irad bildiriləcək ən kiçik nüansa da imkan vermədi. Təbiiliyi, yüksək səhnə mədəniyyəti, nitqi, sərbəst hərəkəti ilə böyük aktyor olduğunu sübut etdi. Subyektiv də ola bilər, amma düşüncəmə və təhlilimə görə Qabil Quliyevdən sonra ən yaddaqalan və artistizmi ilə tamaşaçıların rəğbətini qazanan Boğazca Fatma – Qızılgül Quliyeva oldu. Tamaşaçıların dönə-dönə alqışları qənaətimin subyektivliyini istisna etdi. Əvvəlcədən Lənkəran Dövlət Dram Teatrının bütün heyətini, baş rejissor, tamaşanın quruluşçu rejissoru Anar Babalı başda olmaqla, adi bir tamaşaçı kimi, təbrik edirəm. İlk cümlələrdə işlətdiyim “əyalət” sözü artıq öz anlamını itirdi mənimçün. İndi bizim mərkəzi teatrlarla qeyd-şərtsiz sağlam rəqabət aparmağa qadir bir teatrımız var – deyə bilərik.

Kamal müəllimin əsərlərinin demək olar ki, hamısını oxumuşam, bir neçəsinin redaktoru olmuşam və cəsarət edib “Sirrlərin sərgüzəşti” kitabına kiçik bir “Ön söz” də yazmışam. “Casus”un səhnə ömrünün bütün əsərlərinin ömrü kimi uzunömürlü olacağına zərrə qədər də şübhə etmirəm. Çünki casuslar dünən də olub, bu gün də var və təəssüf ki, gələcəkdə də olacaqlar. Oğuz eli kimi möhtəşəm bir səltənətdə casus olubsa, demək bu, cəmiyyətlərdən, ictimai-siyasi formasiyalardan asılı olmayaraq, əzəli və əbədi bir mikrobdur ki, səltənətləri, dövlətləri qurd kimi içindən yeyir. Bu mənada Kamal Abdulla cəsarətlə bütün Türk Dünyasının milli-mənəvi xəzinəsi olan “Kitabi-Dədə Qorqud”u təftiş edərkən, bu əsərin və Dədə Qorqudun adi bir əfsanə, mif olduğunu ifşa edir və tariximizin müəyyən dövründə real həyatın və Dədə Qorqudun varlığını özünəməxsus ustalıqla sübut edir. “Yarımçıq Əlyazma” nəşr olunanda Kamal müəllimə haqsız irad bildirənlər indi artıq anlayıblar ki, müəllifin məqsədi-məramı, niyyəti möhtəşəm mənbə olan “Kitabi-Dədə Qorqud”un mifoloji əsər olmadığını şüurlara həkk elətdirmək olub və buna da ən yüksək səviyyədə nail olub. Əsərin aktuallığı dediyim kimi, bütün zamanlarda öz yerini qoruyub saxlayacaq və hesab edirəm ki, cəmiyyətin bütün təbəqələrini ciddi düşündürəcək qədər əhəmiyyət kəsb edəcək.

…Qədim-qayım Oğuz elində casus axtarışına ilk gündən həvəslə girişən Oğuz xanları başda Qazan xan olmaqla müdrik və hər şeydən hali olan Dədə Qorqud tərəfindən xəbərdar olunurlar ki, elə etsinllər, sonda peşman olmasınlar. Tamaşanın sonuna yaxın bütün düyünlər yavaş-yavaş açılır, məlum olur ki, səltənəti idarə etməli olan bəylərin başları eyş-işrətə elə qarışıb ki, hətta bəylərbəyi saydıqları Qazan xanın evi şöklüməliklər tərəfindən yağmalanır, səltənətə böyük ziyanlar dəyir. Yüngül əxlaqlı bir Boğazca bütün bəyləri yolundan çıxarıb Oğuz elini bir-birinə vurdurub. Bəylərin hamısını bir-birinin yanında gözükölgəli hala salıb. Elə qarmaqarışıqlıq salıb ki, casusun əsl atası bilinmir və Boğazca Fatma hamısına ayrı-ayrılıqda pıçıldayır ki, yadındadı, axşam düşəndə filan dərədə görüşəndən sonra uşaga qaldım, indi oğlunu cəzadan qurtarmalısan. Təşvişə düşən bəylər də məşvərət keçirib casusun azad olunmasını təklif edirlər və Dədədən xahiş edirlər ki, bu uşağı azad etməkdə yardımçı olsun. Hər şeyi əvvəlcədən bilən Dədə də bığaltı gülümsəyib qayıdır ki, sizə demədimmi elə edin ki, sonradan peşman olmayasınız…

Əsərdəki hadisələr o qədər dramatik cərəyan edir ki, tamaşaçı az qalır elə Dədənin özündən də şübhələnsin… Burada müəllifin qarşısına qoyduğu əsas məqsəd tamaşaçıya əyani şəkildə aydın olur və bütün cəmiyyətlərə verilən ciddi mesaj yuxarıda qeyd etdiyim kimi aktuallığını qoruyub saxlayır.

Bir daha tamaşaçıda yüksək zövq formalaşdırdıran mükəmməl əsərə görə müqtədir yazıçımıza, “Casus”un uğurlu səhnə həyatına görə Lənkəran Dövlət Teatrının bütün kollektivinə, sifarişçi və təşkilatçı olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəhbərliyinə təşəkkürümü bildirirəm.

Teqlər: