Bakının işğalından sonra 15 general güllələndi – Misir mətbuatı

Bakının işğalından sonra 15 general güllələndi – Misir mətbuatı

Misirin “Əl Diplomasi”, “Yeni dünya xəbərləri” portalları və “Asia Əl Yom” agentliyinin saytında Azərbaycanın Silahlı Qüvvələri Gününə həsr olunmuş məqalə dərc edilib.

AzerTimes xəbər verir ki, ölkəmizin Misirdəki səfirliyinin mətbuat xidmətinin hazırladığı “Azərbaycan Milli Ordusunun yaranmasından 104 il ötür” sərlövhəli məqalədə çar Rusiyası İmperiyasının əsarətindən qurtulduqdan sonra yaradılan Azərbaycan Milli Ordusunun tarixindən bəhs olunur.

Yazıda diqqətə çatdırılır ki, Silahlı Qüvvələrin formalaşmasında xalqımızın vətənpərvər oğulları – Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hüseyn Xan Naxçıvanski, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və başqalarının böyük əməyi olub. İlk qəhrəman müdafiə naziri isə Xosrov bəy Sultanov olub. Bu Ordu Qafqaz İslam Ordusu ilə birlikdə qısa müddətdə Bakını azad edib, 1918-ci il avqustun 1-də hərbi parad keçirib. 1920-ci ilin sovet Rusiyasının Bakını işğal etməsindən sonra Azərbaycanın 15 vətənpərvər generalı güllələnib.

Məqalədə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ordu quruculuğu prosesi, xalqımızın ümummilli lideri Heydər Əliyevin iyunun 26-nı Silahlı Qüvvələr Günü kimi təsis etməsi, əsgərlərimizin BMT-nin sülhməramlı qüvvələrinin tərkibində iştirakı barədə məlumat verilib. Yazıda vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində torpaqlarımızı Ermənistanın işğalından azad edib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub.

“Peşəkar, hazırlıqlı, qabaqcıl və çevik hərbi texnika ilə təchiz edilmiş, istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadir olan Azərbaycan Ordusu işğalçıları tarixi Azərbaycan torpaqlarından sıxışdırıb çıxarıb”, – deyə yazıda qeyd edilib.

Teqlər: