Bakının bu qərarı İranı narahat edəcək – Kılıç

Bakının bu qərarı İranı narahat edəcək – Kılıç

Tarixə nəzər yetirdiyimiz zaman Azərbaycan və Türkiyədə yaşayan türk xalqının hər zaman yəhudi xalqı ilə yaxın münasibətlərinin olduğunu görə bilərik.

Bu sözləri AzerTimes-a Azərbaycanın İsraildə səfirlik, Fələstində təmsilçilik açma qərarını, Türkiyənin isə Təl-Əvivə yeni səfir təyin etməsini şərh edən Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi və Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç deyib.

Diplomat Azərbaycanın verdiyi qərarın çox doğru və yerində atılmış addım olduğunu vurğulayıb:

“Azərbaycanda yaşayan və sonra İsrailə köçən yəhudilər də heç vaxt bura ilə əlaqələrini tam kəsmədi. Eyni zamanda İsrail lobbisi ABŞ-da güclü və imkanları geniş olan bir lobbidir və 44 günlük Vətən müharibəsi zamanında onlar Azərbaycana güclü dəstək verdilər. Yəni yəhudi lobbisi ABŞ-da erməni lobbisinin səsini kəsdi. Bu, çox önəmli tarixi bir missiyadır. Azərbaycanın İsraildən aldığı müasir silah sistemləri və hərbi texnika müharibədə son dərəcədə təsirli olub. Milli Məclisin İsraildə səfirlik, Fələstinin Ramallah şəhərində isə təmsilçilik açma qərarını təsdiqləməsi çox doğru və yerində atılmış bir addımdır. Bəzi ölkələrin bundan narahat olacağı hamıya məlumdur. Əlbəttə ki, belə ölkələrin başında İran gəlir. Ancaq İran özü Azərbaycan ilə əlaqələri nəzərə almadan tez-tələsik gedib Qafanda baş konsulluq açdı. Ermənistan kiçik bir ölkədir və İranın Qafanda konsulluq açması Türkiyə və Azərbaycan ilə münasibətlərə öz mənfi təsirini göstərib”.

Türkiyənin İsraillə əlaqələrinin tarixindən və qarşıdakı yeni dövrdən bəhs edən Hulusi Kılıç yaxın gələcəkdə Türkiyə-Azərbaycan-İsrail üçtərəfli siyasi mexanizminin qurulmasının mümkünlüyündən danışıb:

“1492-ci ildə yəhudilər İspaniyadan qovulanda Osmanlı imperiyası onlara qapılarını açıb. Türkiyə İsrailin müstəqilliyini tanıyan ilk dövlətlər arasındadır. Müxtəlif dövrlərdə əlaqələrdə dalğalanmalar, eniş-yoxuşlar olub. İshaq Hersoqun İsrail prezidenti seçilməsindən sonra isə ölkələr arasındakı əlaqə yeni dövrə qədəm qoydu. Son dörd ildə Türkiyənin İsraildə səfiri yox idi, münasibətlərin normallaşdırılması ilə Qüdsdəki əvvəlki baş konsulumuz Təl-Əvivə yeni səfirimiz də təyin olundu. İsrail xüsusilə ABŞ ilə münasibətlərdə söz sahibi olan önəmli Yaxın Şərq ölkəsidir. Türkiyənin İsrailə yenidən səfir təyin etməsi və Azərbaycanın İsraildə səfirlik açması qərarı əlbəttə ki, türk dünyasına da öz müsbət təsirini göstərəcək. Fikrimcə, qarşıdakı dövrdə Türkiyə-Azərbaycan-İsrail üçtərəfli platforması, siyasi mexanizminin qurulması gündəmə gələ bilər. Bu, dövrün tələbinə də uyğundur”.

Teqlər: