Bakını bu günü: günahkar təkcə rayonlulardır?

Bakını bu günü: günahkar təkcə rayonlulardır?

Bakının bu günə düşməsinin səbəbi rayondan gələn bəzi vətəndaşlarımızdırmı? Bu məsələ təhlil olunmalıdır.

AzerTimes xəbər verir ki. bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, Bakının əsas problemləri arasında bunlar dayanır:

1) Qaydalara zidd şəhərsalma;

2) Aşırı əhali sıxlığı,

3) Ekoloji və vizual kirlilik.

“Səbəblər sırasında rayondan gələn bəzi vətəndaşların şəhərçilik qaydalarını pozması hətta ilk sıralarda belə deyil:

a) Əvvəlcə onu qeyd edək ki, bölgələrdə həyat və iqtisadi inkişaf sönük olduğuna görə belə hal yaşanır. Əhalinin köçü Bakıya davam edir və edəcəkdir. Şəhərə uyğunlaşması da getdikcə daha da imkansız hala gələcək, çünki şəhərçilik (urbanizasiya) dağılmış bir vəziyyətdədir, yəni görüb-götürəcəyi bir şey qalmayıb;

b) Şərurlu İsfəndiyarın Yasamal rayonuna qənim kəsilməsinin (sıx-sıx hündürmərtəbəli binalar tikdiyinə görə) günahkarı kasıb və savadsız rayonlu balası deyil. Onun günahkarı ona bu şəraiti yaradan hansısa korrupsioner məmurdur. O məmurun da öz növbəsində konkret bir rayondan gəlmə ehtimalı çoxdur, bununla bərabər, Yeni Yasamal kimi binaların bir-birinin balkonuna girdiyi və parkinqə imkan olmayan yerdə ev alan vətəndaşların da günahı az deyil. Qanunsuzluğa tələbat yaranır deyə, təklif də çoxalır.

c) Ümumi olaraq götürdükdə, rayondan Bakıya gələnlərin bakılı olanlara müqayisədə uğur indeksi daha yüksəkdir. Belə ki, bakılı oğlan atasının evində yaşadığı halda, rayonlu balası konfort zonasında deyildir və əlləşib-vuruşub özünə ev də alır, ikincisini də. Yerində sayan bakılılar isə bunu şüuraltı xoş qarşılamaz və problem səbəbini ümumiləşdirmədə axtarar.

d) Xalq olaraq ümumiyyətlə kollektiv yaşama şüurumuz az olduğuna görə urbanizasiya mədəniyyəti də bizdə aşağıdır. SSRİ illərində güclü partiya nəzarəti qismən də olsa urbanizasiyaya müsbət təsir göstərirdi. Deməli, güclü bürokratik nəzarət olmayandan sonra vətəndaşlarımız nəinki qanunsuz və standartlara zidd tikililərə etiraz etmir, hətta onlarda yaşamağı normal bilir.

e) Təhsil problemi də öz növbəsində insanımızın sivilləşməsinə mənfi təsir göstərir. Mədəni davranış qaydaları problemi da var. Məsələn, bizimkilər nəzakət cəhətiylə ruslardan daha mədəni olsalar da, qərbi avropalılardan bu məsələdə geri qalırlar…” – deyə o qeyd edib.

Xatırladaq ki, Bəhram Bağırzadənin bəzi rayonluların şəhər mədəniyyətini mənimsəməkdə çətinlik çəkməsi səbəbindən bir çox problemlərin yarandığı barədə açıqlaması ciddi müzakirələrə səbəb olub.

Teqlər: