Bakıdakı obyektlərdə qaz balonları və havalandırma ilə bağlı monitorinqlərə başlanılıb

Bakı Şəhər İcra Hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin
məsul nümayəndələrindən ibarət yaradılmış xüsusi qruplar paytaxtın
ictimai-iaşə obyeklərində monitorinqlərə başlayıblar.
Monitorinqlərin məqsədi bu obyektlərdə real vəziyyətin yerində
öyrənilməsi, gələcəkdə baş verə biləcək hadisələrin qarşısının
alınması və burada çalışan işçilərininin maarifləndirilməsidir.

İlk növbədə mütəxəssislər tərəfindən obyektlərin mətbəx və digər
sahələrinə baxışlar keçililib, orada olan qaz balonları və digər
qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər
sistemlərin vəziyyəti araşdırılıb. Zirzəmi və yaşayış binasının
birinci mərtəbəsində yerləşən bəzi obyektlərdə qaz balonlarından
istifadə edilməsi, həmçinin bura rezin və digər materiallardan
hazırlanan şlanqlar vasitəsi ilə çəkilən qaz xətləri aşkar edildi
və bu nöqsanlar obyekt rəhbərliyinin nəzərinə çatdırıldı. Eyni
zamanda təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət
edilməsi və digər məsələlələ bağlı obyektlərin işçi heyəti ilə
maarifləndirici söhbətlər aparıldı.

Monitorinqlərin ilk olaraq mərkəz ərazidə və yaradılan digər
qruplar tərəfindən bütün paytaxtın ictimai-iaşə və digər xidmət
obyektlərində aparılması nəzərdə tutulub.

Monitorinqlərin nəticələri yekunlaşandan sonra sahibkarlarla
müvafiq seminarların keçirilməsi nəzərdə tutulub.

Teqlər: