Bakıda “Yer saatı 2024” kampaniyası qeyd edildi – Foto

Bakıda “Yer saatı 2024” kampaniyası qeyd edildi – Foto

Martın 23-də Bakıda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “IDEA” İctimai Birliyi və Dünya Vəhşi Təbiət Fondunun (WWF) birgə təşkilatçılığı, Regional İnkişaf İctimai Birliyi və CAVAN Gənclər Hərəkatının dəstəyi ilə “Yer saatı 2024” (Earth Hour 2024) beynəlxalq kampaniyasına həsr olunmuş kütləvi aksiya keçirilib.

AzerTimes xəbər verir ki, aksiya iştirakçıları Heydər Əliyev Mərkəzinin parkında toplaşaraq təntənəli gerisayımla saat 20:30-da ətrafdakı işıqların söndürülməsini izləyib, kampaniyanın simvolu olan “60+” yazısının şamlarla işıqlandırılmasında və kütləvi əyləncə proqramında iştirak ediblər. Yüzlərlə gəncin qoşulduğu “Yer saatı 2024” aksiyası zamanı ətraf mühitin mühafizəsi ilə yanaşı, bu il ölkəmizdə keçirilməsi nəzərdə tutulan COP29 beynəlxalq tədbiri ilə əlaqəli maraqlı müsabiqələr, LED işıqlardan ibarət şou, fasiləsiz musiqi və digər sürprizlər iştirakçıların böyük marağına səbəb olub.

“Yer saatı” dünyada ətraf mühitə həsr edilmiş ən böyük hərəkat olaraq milyonlarla insanı iqlim dəyişikliyi ilə mübarizəyə səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində işıqların kütləvi söndürülməsi aksiyası ilə başlamış “Yer saatı” kampaniyası dünyanın əksər ölkələrində, minlərlə şəhərdə qeyd olunur. Hər il mart ayının son şənbə günündə qeyd olunan “Yer saatı” aksiyası zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20:30-da bir saatlıq söndürülür.

Beynəlxalq “Yer saatı 2024” kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan “IDEA” İctimai Birliyi bu il ölkəmizdə keçirilən “Yer saatı” kampaniyasına qoşulan hər kəsə təşəkkür edir, binalarının işıqlarını söndürən bütün qurum və təşkilatlara, o cümlədən Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra

Hakimiyyəti, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dənizkənarı Bulvar İdarəsi, Bakı Konqres Mərkəzi, Bakı Olimpiya Stadionu, “Baku Crystall Hall”, Milli Gimnastika Arenası, ADA Universiteti, “Alov qüllələri” kompleksi, “Dalğa Plaza”, “Yeni Həyat Şirkətlər Qrupu” MMC, Gənclər Fondunun Naxçıvan nümayəndəliyi, “ASAN xidmət” mərkəzləri, SOCAR, “Paşa Malls” və “Pasha Property Management”ə dərin minnətdarlığını bildirir.

İqlim dəyişikliyi təhlükəsinin ciddiliyini, ona qarşı mübarizənin isə bəşəriyyət üçün vacibliyini nəzərə alaraq, “IDEA” İctimai Birliyi hər kəsi bu problemin həllinə töhfə verməyə, enerjiyə qənaət etməklə israfçılığa yol verməməyə, qlobal temperatur artımının 1,5°C-dən aşağı səviyyədə saxlanması hədəfi qarşısında həmrəylik nümayiş etdirməyə çağırır.

Teqlər: