Bakıda yaşayış binasının həyətindən qumbara tapıldı (FOTO/VİDEO)

Xəbər - Samir Əli – Trend:

Bakıda yaşayış binasının həyətindən qumbara aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
“112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yaşayış
binasının həyətyanı ərazisində hərbi sursatın aşkar edilməsi barədə
məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli
Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu
cəlb edilib.

Əvvəlcə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə
ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin
edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti
məhdudlaşdırılıb.


Sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış
zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğu
müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən
ərazidən götürülüb kənarlaşdırılaraq, müvafiq qaydada
zərərsizləşdirilib.

Teqlər: