Bakıda TEKNOFEST festivalının keçirilməsi Azərbaycan və Türkiyə qardaşlığını növbəti dəfə təsdiq edir – Nazir

Bakıda TEKNOFEST beynəlxalq festivalının keçirilməsi Azərbaycan
və Türkiyənin qardaşlığını növbəti dəfə təsdiq edir.

Trend-in
məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev TEKNOFEST-in açılış mərasimində deyib.

Nazir bildirib ki, bu festival Azərbaycan gənclərinin inkişafına
yönəlib.

“Bizim gənclərimiz 44 gün ərzində torpaqlarımızı işğaldan
qurtardı. 44 günlük müharibədə qələbəmiz texnoloji arenada da davam
edəcək. Mayın 28-də biz iştirakçıların mükafatlandırılmasını
keçirəcəyik”, – nazir deyib.

O, həmçinin qeyd edib ki, ən baxımlı sahələrdən biri “Smart
Karabakh” müsabiqəsinin stendidir.

“Festivalda həm də investorlar və vençur fondlarının rəhbərləri
iştirak edir, bu da investorları öz layihəsinə cəlb etmək üçün
imkan yaradır.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və
Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi
Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl
şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il
keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

(Tərcümə: Orxan Nəbiyev)