Bakıda reklamlar tarixi binaları məhv edir – Memar

Bakıda reklamlar tarixi binaları məhv edir – Memar

Bakı şəhərindəki bir çox tarixi binanın üzəri kommersiya reklamları ilə örtüldüyü üçün onların vizual görüntüsü tamamilə itib.

Bu sözləri AzerTimes-a açıqlamasında Azərbaycan Reklamçılar Birliyinin icraçı direktoru, memar Cahid Həsənov deyib.

Memar bildirib ki, açıq məkan reklamlarına nəzarət edən Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) qəti şəkildə tarixi binalar üzərində reklamların nümayişinə icazə verməməlidir:

“Ancaq onlar vergi yığımına görə buna icazə verir. ADRA bir tarixi bina hesabına müxtəlif ticarət obyektlərinin reklamlarından il ərzində 15-20 min manat gəlir əldə edirsə, bu tarixi binaların örtülməsi nəticəsində dövlət turistlərdən il ərzində 150-200 min manat gəliri itirir.

Digər tərəfdən isə binalar texniki baxımdan zədələnir. Bir sözlə, ADRA yarandığı beş il ərzində tarixi binaları belə reklamlardan tam təmizləməli olduğu halda əksini edib.

Tarixi binaların hamısının birinci mərtəbələri ticarət obyektləri olduğuna görə, aşağı hissəsi reklam libası, yuxarısı isə klassik görkəmə bürünüb. Bu, tarixi abidəyə əlavə “yamaq”dır və eybəcər mənzərədir.

Biz memarlarla bu barədə təklif hazırlasaq da, ADRA məsələnin həlli istiqamətində müzakirələr aparmaq üçün bizi dəvət belə etmədi.

Qeyd edim ki, sözügedən mənzərə Bakının mərkəzi və turistlərin çox olduğu Fəvvarələr meydanı, Azdram ətrafı, Sahil prospekti, Xaqani bağı kimi məkanlarda müşahidə olunur”.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı saytımız ADRA-ya sorğu ünvanlayıb.

Teqlər: