Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda 100-dən artıq
binanın qəzalı vəziyyətdə olduğu təsdiqlənib.
Bunu Trend-ə
açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, əgər daha ciddi araşdırılsa, bu say arta
bilər:
“Həmin binaların əksəriyyəti sakinlər tərəfindən aidiyyəti
qurumlara müraciət olunduqdan sonra yoxlanış aparılaraq qəzalı kimi
qeydiyyata alınıb. Ciddi şəkildə monitorinq aparılsa, qəzalı
vəziyyətdə olan binaların sayı arta bilər. Bakı Şəhər İcra
Hakimiyyəti tərəfindən yaradılacaq komissiyanın qəzalı vəziyyətdə
olan binaları qeydə alması müsbət hal olacaq. Çünki qeydə alınacaq
qəzalı binalarla bağlı müəyyən addımlar atılacaq ki, bu da baş verə
biləcək təhlükənin qarşısını alacaq. Hazırda paytaxtda köhnə
binaları söküb yerində təzə bina tikənlər özəl şirkətlərdir. Biz
əmlak bazarına nəzər salsaq, tikinti ilə məşğul olan şirkətlər
müştəri araşdırması aparır, daha sonra ümumi ərazi üzrə qiyməti
hesablayaraq söküntü işlərinə başlayırlar. Paytaxtın elə əraziləri
var ki, orada qəzalı vəziyyətdə binalar olsa da həmin tikililəri
söküb yenisini tikmək tikinti şirkətləri üçün sərfəli deyil. Qəzalı
və istismar müddəti bitən çoxmənzilli yaşayış binaları sökülənə
qədər həmin binalarda tikinti bərpa işləri aparmaq lazımdır. Qısa
müddətdə bütün qəzalı binaların sökülüb tikilməsi mümkün deyil.
Buna çox böyük maliyyə lazımdır. Yaradılan komissiya monitorinqlər
apardıqdan sonra lazımı binaları təmir edib, söküləcək vaxta qədər
gözləmək lazımdır”, – deyə ekspert qeyd edib.
Qeyd edək ki, Bakı şəhərində qəzalı vəziyyətdə olan, öz
resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının
inventarizasiyası və bu binalarda yaşayan sakinlərin
təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin
görülməsi məqsədilə müvafiq komissiya yaradılıb.