Martın 13-də Milli Gimnastika Arenasında Akrobatika Gimnastikası
üzrə qadınlar və kişi cütlükləri arasında temp və tarazlıq
hərəkətləri proqramı üzrə 28-ci Dünya çempionatının müvafiq olaraq
qalib və mükafatçılarının mükafatlandırılması mərasimi
keçirilib.
AzerTimes-ın məlumatına görə,
Temp hərəkətləri proqramında qadın cütlüklər arasında fəxri
kürsünün birinci pilləsini Portuqaliya təmsilçiləri Rita Ferreyra
və Ana Teyşeyra, ikinci yeri Qazaxıstandan olan qadınlardan ibarət
duet Aleksandra Rudakova və Damira Talqat tutublar, üçüncü yerdə –
Macarıstanı təmsil edən Dorina Bernat və Noemi Stattner
qərarlaşıb.
Kişi cütlükləri arasında balans hərəkətləri proqramında qızıl
medalı Qazaxıstan təmsilçiləri – Vadim Şulyar və Daniel Dil, gümüş
medalı Portuqaliyadan olan kişi dueti – Fabio Beko və Bruno
Ramalyo, bürünc medalı ABŞ-dan olan Brayden Makduqal və Encel
Feliks qazanıblar.
Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edir.
Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi
qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş
hərəkətləri təqdim edirlər.