Bakıda polisə hücum edən şəxs zərərsizləşdirildi

Aprelin 29-na keçən gecə saat 02.50 radələlərində Sabunçu
RPİ-nin 14-cü
Polis Bölməsinə Maştağa qəsəbəsində yerləşən kafelərin birində
münaqişə olması barədə daxil olmuş məlumat əsasında polis
əməkdaşları hadisə yerinə gediblər.

DİN-in Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, orada
kafeni işlədən Ləman Heydərova Teymur adlı şəxsin sərxoş vəziyyətdə
bıçaqla onları hədələyərək 1000 manat pul tələb etdiyini, kafenin
şüşələrini sındırdığını, işçilərdən birinə bıçaqla xəsarət
yetirərək oranı tərk etdiyini bildirib.

Dərhal həmin şəxsin saxlanılması üçün axtarış tədbirlərinə
başlanılıb, qısa zaman ərzində onun yeri aşkar edilib. Polis
əməkdaşları ona yaxınlaşdıqda həmin şəxs bıçaqla onlara hücum edib
xəsarət yetirməyə cəhd göstərərkən xidməti avtopatrul maşınını
zədələyib.

Belə olduqda polis əməkdaşları tabel silahından havaya 2 dəfə
xəbərdarlıq atəşi açmışdır.Buna baxmayaraq o, silahlı müqavimətini
davam etdirdiyindən polis onun ayaq nahiyəsinə atəş açıb
zərərsizləşdirərək yaxalamışdır.

Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək yaxınlıqdakı
xəstəxanaya yerləşdirmişlər.

Müəyyən edilmişdir ki, həmin şəxs 49 yaşlı əvvəllər 3 dəfə
məhkum olunmuş Maştağa qəsəbə sakini Teymur Yolçuyevdir.

Hazırda onun vəziyyəti qənaətbəxşdir, həyatına təhlükə
yoxdur.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin
müvafiq maddəsi ilə cinayət işi başlanılmışdır.

Teqlər: