Bakıda niyə tıxac yaranır?

Xəbər - Elçin Mehdiyev – Trend:

Bakıda tıxacların ən mühüm səbəblərindən biri əhalinin qeyri-düzgün məskunlaşmasıdır. Məsələn, şəhərdə 5-6 fərdi yaşayış evini söküb yerində hündürmərtəbəli bina tikirlər və həmin ərazinin nəqliyyat yükü xeyli dərəcədə artır.

Bunu AzerTimes-a nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Ə.Hüseynov bildirib ki, əgər sökülməzdən əvvəl həmin ərazidə 5-6 ailə yaşayırdısa və hər ailənin bir maşını olurdusa, hündürmərtəbəli binada daha çox ailə yaşayır və təbii olaraq avtomobillərin sayı da xeyli artır:

“Belə ərazilərdə yol infrastrukturu əvvəlki məskunlaşma səviyyəsinə uyğun olduğundan hündürmərtəbəli binaların tikintisindən sonra nəqliyyat sıxlığı yaranır”.


Ekspertin sözlərinə görə, digər səbəb isə şəhər kənarında məskunlaşan insanların iş və digər ehtiyaclar üçün mərkəzə üz tutmasıdır: “Şəhər kənarında çox sayda yaşayış kompleksləri tikirlər, ancaq orada lazımi infrastruktur qurulmur, yəni o qədər əhalinin ehtiyacını ödəyəcək bağça və məktəblər və ya bəzən böyük marketlər olmur. Ona görə də insanlar bu tələbatlarını ödəmək üçün şəhər mərkəzinə gəlməli olurlar. Bundan başqa əksər idarə və ofislər də paytaxtın mərkəzi hissəsində yerləşir.

Yəni şəhər kənarında məktəblərin az olması, iş yerlərinin olmaması və ictimai nəqliyyatın normal fəaliyyət göstərməməsi fərdi avtomobillərdən kütləvi istifadəyə zərurət yaradır ki, bu da şəhərdə tıxaclara səbəb olan ən ciddi amillərdən biridir”.

Twitter: @ElchinMehdiyev

Teqlər: