Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Qaradağ rayonu ərazisində hərbi sursatların aşkar edilməsi
barədə məlumat daxil olub.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in
Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə
çevik qrupu cəlb edilib.
Əvvəlcə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə
ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin
edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti
məhdudlaşdırılıb.
Sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış
zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd 125
mm-lik BK-14M mərmisi, 2 ədəd 125 mm-lik OF-26 mərmisi, 1 ədəd PQ-9
reaktiv qumbara, 3 ədəd OQ-9, 1 ədəd OQ-7V və təlim-atış məqsədli 9
ədəd PQ-9 reaktiv qumbaralarının fraqmentləri, 33 ədəd PQ-7 VM və
OQ-9 qumbaralarının hissələri olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən
zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.