Bakıda keçirilmiş 2019-cu il dünya çempionatını karyeramda ən yaddaqalan yarışlardan biri kimi xatırlayıram – Latviya gimnastı

İndiyədək Bakıda keçirilmiş 2019-cu il dünya çempionatını
xatırlayıram, bu, mənim karyeramda ən yaddaqalan yarışlardan biri
idi.

Bunu Trend
Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya kubokunun
iştirakçısı, Latviya gimnastı Yelizaveta Polstyanaya deyib.

“Bu, mənim Bakıda beşinci çıxışımdır, burada həmişə böyük
məmnuniyyətlə çıxış edirəm. Bakıda çox gözəl şərait var və yarışlar
qeyri-adi təşkil olunur”, – deyə o bildirib

Dünya Kubokundakı çıxışından danışan gimnast proqramını
qüsurlarla yerinə yetirdiyini deyib.

“Təəssüf ki, halqa ilə hərəkətlərdə səhvə yol verdim. İndi
mövsümün əvvəlidir, bu, mənim ikinci çıxışımdır və bu mərhələdə
səhvlər normaldır. Əsas Avropa çempionatına optimal formada
yaxınlaşmaqdır”, – gimnast deyib.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə
Dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi
5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova,
eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva,
Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup
hərəkətləri üzrə komanda təmsil edir.

3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə
mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış
gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim
olunacaq.

Bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu Dünya kuboku
yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu
növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev sahibliyi
edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: