Xəbər - Cani Babayeva – Trend:
Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci Dünya
Çempionatından təəssüratlarım çox yaxşıdır.
Bunu AzerTimes-a akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının
baş məşqçisi İradə Qurbanova deyib.
“Təəssüratlar yaxşıdır, yarışlar çox yüksək səviyyədə keçdi.
Təşkilatçılıq baxımından belə çempionat uzun zaman olmayıb. Təbii
ki, bir az yorğunluq var, çünki Dünya Çempionatından əvvəl Dünya
Yaş Qrupları Yarışları keçirilirib. Biz idmançılarımıza azarkeşlik
edirdik”, – deyə baş məşqçi bildirib.
Azərbaycan gimnastlarının çempionatdakı nəticələrindən danışan
İradə Qurbanova onların çıxışından razı qaldığını vurğulayıb.
“Ümumilikdə, mən razı qaldım. Düzdü, bu gün bir az üzüldük –
Ağasif Rəhimovla Raziyə Seyidliyə layiq olduqları qiymət verilmədi.
Proqramın öhdəsindən yaxşı gəldilər və daha yüksək qiymətlərə layiq
idilər. Kişi cütlüyünə gəlincə, Daniel Abbasov və Murad Rəfiyev son
finalda səhvə yol verdilər və buna görə hakimlər tərəfindən
cəzalandırıldılar. Burada heç kim mübahisə etmir”, – deyə baş
məşqçi qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan gimnastlarını qarşıda
Portuqaliyada, daha sonra isə Polşada keçiriləcək Dünya Kuboku
gözləyir. Orada onlar yeni proqramla çıxış edəcəklər.
“Adətən, startdan sonra biz proqramı təhlil edirik, onu daha
stabil və maraqlı etmək üçün nə edə biləcəyimizə qərar veririk”, –
deyə baş məşqçi əlavə edib.