Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku böyük və gözəl idman hadisəsidir – Tamaşaçı

Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kuboku böyük və
gözəl idman tədbiridir.

Bu barədə AzerTimes-a yarışın tamaşaçısı, bədii gimnastika üzrə
məşqçi Leyla Lyutvinova məlumat verib.

“Təxminən 3 il əvvəl Şəmkir şəhərinin idman kompleksində bədii
gimnastika bölməsi açılıb. Uşaqlar böyük həvəslə məşğul olurlar,
Tovuzdan, Qazaxdan uşaqlar gəlir. Bu yaxınlarda Göygöldə təşkilatın
üzvləri ilə görüş keçirilib. Bu görüş onlara çoxlu müsbət
emosiyalar, sevinc bəxş etdi və şübhəsiz ki, ən gözəl xatirələr
buraxdı”, – deyə Lyutvinova bildirib.

Məşqçinin sözlərinə görə, onun yetirmələri də Bakıda keçirilən
dünya çempionatı yarışlarını öz gözləri ilə izləməklə böyük
təəssürat alırlar.

“Şagirdlərim üçün görkəmli idmançıların çıxışlarını öz gözləri
ilə görmək çox böyük stimuldur. Biz çox şadıq ki, bir çox ölkələrin
nümayəndələri Azərbaycana gəlib, burada öz istedadlarını və idman
ustalıqlarını nümayiş etdirirlər. Biz gimnastlarımızı çox
dəstəkləyirik. Biz onlara dəstək olmaq və idman nailiyyətlərinə
ruhlandırmaq üçün xüsusi olaraq plakat hazırlamışıq”, – deyə o
əlavə edib.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə
Dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi
5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova,
eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva,
Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup
hərəkətləri üzrə komanda təmsil edir.

3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə
mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış
gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim
olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu
Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu
illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev
sahibliyi edib.

Teqlər: