Bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən batut
gimnastikası üzrə Dünya Kubokunda kişilər arasında fərdi proqramda
finalçılar müəyyənləşib.
Trend-in
məlumatına görə, finala İvan Litvinoviç (Belarus, 62.000 bal),
Andrey Buylov (Belarus, 60.700 bal), Dioqo Abreu (Portuqaliya,
58.150 bal), Pedro Ferreyra (Portuqaliya, 57.460 bal), Danil
Mussabayev (Qazaxıstan, 57.030 bal), Kiril Kozlov (Rusiya, 56.520
bal), Gürkan Mutlu (Türkiyə, 56.100 bal) və Kodi Qesuelli (ABŞ,
56.000 bal) vəsiqə qazanıblar.
Xatırladaq ki, yeni qaydalara əsasən, Bakıda keçirilən Dünya
Kubokunda kişilər arasında fərdi proqram üzrə təsnifat yarışları
iki mərhələdə keçirilib. Yeni Olimpiya dövrəsində batut
gimnastikası üzrə təsnifat mərhələsində 31-dən çox iştirakçı
olduqda ikinci təsnifat mərhələsi keçirilir. Yarışın miqyasından və
iştirakçıların sayından asılı olaraq, ikinci təsnifatda 16 və ya 24
gimnast mübarizə aparır.
Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda
Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.
Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi
ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilir.
İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və
qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə
qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy
Kuboku təqdim olunacaq.
Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.