Noyabrın 13-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Bakıda keçiriləcək 25-ci Beynəlxalq Biznes Forumla (İBF- İnternational Business Forum) bağlı Mətbuat Konfransı keçirilib.
Agentlikdən AzerTimes-a verilən məlumata görə, mətbuat konfransında İBF-in prezidenti, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) qurucu rəhbəri Erol Yarar və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov forumla bağlı məlumat verib, media nümayəndələrinin suallarını cavablandırıblar. Qeyd olunub ki, Beynəlxalq Biznes Forum 1995-ci ildə MUSİAD tərəfindən təsis olunub və hər il müxtəlif ölkələrdə keçirilir. Forumun məqsədi ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi, eləcə də post-COVID dövründə ölkələr arasında ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, birgə təşəbbüslərin reallaşdırılmasıdır.
25-ci Beynəlxalq Biznes Forumun Bakıda keçirilməsi ilə bağlı bu ilin iyulunda KOBİA və İBF arasında Anlaşma Memorandumu imzalanıb. Forum Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, KOBİA, MUSİAD və İBF-in təşkilatçılığı ilə keçirilir. Forum “Azərbaycan: Asiyanın incisi” şüarı ilə təşkil olunur.
Forumda 30-a yaxın ölkədən dövlət rəsmiləri, iş adamları, beynəlxalq təşkilatların, diplomatik korpusun, ticarət palatalarının və biznes assosiasiyaların nümayəndələri iştirak edəcək. Noyabrın 15-də Bakı Konqres Mərkəzində baş tutacaq açılış mərasimində Azərbaycana investisiya qoyuluşu imkanlarına, xüsusilə də ölkəmizin kənd təsərrüfatı, sənaye, turizm sahələrində və Qarabağın investisiya potensialı, dövlət-özəl sektor tərəfdaşlığına (PPP) dair panellər, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq, əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaqdır. Forum çərçivəsində həmçinin iş adamları Bakıda və ölkə regionlarında bir sıra istehsal müəssisələrində iş prosesi ilə tanış olacaq, yerli sahibkarlarla əməkdaşlıq imkanlarına və investisiya qoyuluşuna dair müzakirələr aparacaqlar. Noyabrın 17-dək davam edəcək forumda ümumilikdə 500-ə yaxın xarici investor və iş adamının iştirakı nəzərdə tutulur.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov: “25-ci Beynəlxalq Biznes Forumun Bakıda keçirilməsindən və KOBİA olaraq tədbirə dəstək göstərməkdən məmnunuq. Forum Azərbaycanın, o cümlədən 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağın iqtisadi və investisiya potensialının geniş investorlar auditoriyasına tanıdılması üçün əhəmiyyətli olacaqdır. Yerli və xarici investorlar arasında birbaşa əlaqələrin yaradılması, KOB-lar arasında yeni əməkdaşlıqların qurulması və birgə investisiya layihələrinin reallaşdırılması da forumun hədəfləri sırasındadır”.
İBF Forumunun prezidenti, MÜSİAD-ın qurucu rəhbəri Erol Yarar: “Azərbaycan turizm, kənd təsərrüfatı və səhiyyə sahələrində böyük potensiala malikdir. Bunu nəzərə aldıqda ölkələrimiz arasında ticarət həcmini daha da artıra bilərik. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etmiş Azərbaycan üçün Qarabağın iqtisadi inkişafı prioritet məsələlərdəndir. MUSİAD olaraq buna öz töhfəmizi vermək istəyirik və bu məqsədlə də 25-ci Beynəlxalq Biznes Forumu Azərbaycanda keçirməyi qərara aldıq. KOBİA ilə bu istiqamətdə bir ilə yaxındır ki, sıx əməkdaşlıq edirik. Azərbaycana kənd təsərrüfatı, qida, səhiyyə, turizm və digər sektorlarda fəaliyyət göstərən 500 türk iş adamı ilə gəlmişik. Məqsəd Azərbaycana investisiya qoymaq və ticarət əlaqələrini daha da genişləndirməkdir. İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin kənd təsərrüfatı və mədən sənayesi sahəsində böyük potensialı var və bu sektorlara maraq göstərən Türkiyə iş adamları da nümayəndə heyətimizdə təmsil olunur”.