Bakıda islam dünyası üçün inci sayına abidə – Foto

Bakıda islam dünyası üçün inci sayına abidə – Foto

Bu epiqrafik abidə Bakı şəhərinin 25 km-də yerləşən qədim və zəngin tarixə malik Nardaran qəsəbəsindəki kiçik bir məscidə aiddir. Məscid Nardaran qəsəbəsinin “Qədəmgah” adlandırılan hissəsində yerləşir.

AzerTimes xəbər verir ki, bu barədə AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu şöbə müdiri Elnur Mustafayev paylaşdığı abidə (fotosu təqdim edilir – red.) haqda qeyd edib.

Alim bildirib ki, məscid Nardaran kəndinin örüş hissəsində yerləşdiyinə görə çox güman ki, tərəkəmələrin dini ayinlərini icra etmələri üçün inşa edilmişdir:

“Kitabənin üzərindəki yazı ərəb dilində, süls xətti ilə yüksək estetik zövq və peşəkarlıqla həkk olunmuşdur. Yazının həm xəttatı, həm də onu daş parçasına köçürən həkkakı ərəb dilinin geniş imkan və incəliklərindən istifadə etməklə yüksək sənətkarlıq göstərmişlər.

Kitabədəki yazını şərti olaraq, yuxarı və aşağı olmaqla iki hissəyə bölmək olar.

Epiqrafik abidənin yuxarı hissəsində Həzrəti Əliyə aid ibrətamiz bir kəlam və aşağı hissəsində isə məscidi tikdirən şəxsin adı və tikilinin inşa tarixi yazılmışdır.

Kitabədəki yazının orijinalını və ana dilimizə tərcüməsini qeyd edirəm:

١) الدنيا ساعة فجعلها طاعة

٢) قد تعمر هذا المسجد ابراهيم بن اتا نوردراني ١٢٠٢

Tərcümə: “Dünya bir saatlıqdır (anlıqdır). Elə isə onu məbuda itaətdə keçir”. Bu məscidi İbrahim Ata oğlu Nurdərani inşa etdirmişdir, 1202”.

Abidənin inşası hicri-qəməri 1202, miladi 1787/88-ci illərə təsadüf edir”.

E.Mustafayev vurğulayıb ki, kitabəni hazırlayan sənətkarların peşəkarlığı heyrətamizdir:

“Kitabənin yazısını tərtib edən xəttat ərəb dilinin imkan və incə mətləblərindən istifadə etməklə bəzən bir hərfi iki ayrı-ayrı sözün yazılışı üçün müştərək şəkildə istifadə edir. Məsələn, “Dünya” (الدنيا) sözünün sonundakı “əlif” (ا) hərfi eyni zamanda “Cə’alə” (جعل / etmək) feilindəki “ləm” (ل) hərfinin yazılması üçün ortaq şəkildə istifadə edilir.

Bu cür yazı texnikasını göstərmək sənətkarlıq baxımından çox çətindir. Bu nadir nümunə Azərbaycan sənətkarlarının peşəkarlığına dəlalət edir. Belə bir yazılı abidənin qorunması olduqca vacib və zəngin tarixmizi gələcək nəsillərə çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Bu cür yüksək sənətkarlıq nümunələrini nəinki ölkəmizdə, hətta bütün islam dünyasında tapmaq çox çətindir…

Bundan əlavə, kitabədə Nardaran toponiminin Nurdəran (nur saxlayanlar və yaxud nur qapıları) versiyasının şahidi oluruq ki, bu da kəndin tarixi və etnomədəniyyəti ilə bağlı maraqlı bir informasiyadır”.

Teqlər: