Bakıda İdman Gimnastikası üzrə Dünya Kubokunun ikinci günü start götürüb (FOTO)

Aprelin 1-də Bakı Milli Gimnastika Arenasında Kişi və Qadın
İdman Gimnastikası üzrə FIG Dünya Kubokunun ikinci günü start
götürüb.

Trend-in
məlumatına görə, yarışların ikinci günündə kişilər arasında dayaqlı
tullanma, dəstəli at və turnik, qadınlar arasında sərbəst
hərəkətlər və gimnastika tiri üzərində hərəkətlərdə təsnifat
mərhələsi keçiriləcək.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika
Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku
keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü
beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145
idmançı qüvvəsini sınayır.

Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü
isə final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək
icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da
təqdim olunacaq.

Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər),
Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik),
İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar,
turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (halqa), Samirə
Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst
hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar,
gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edir.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş Dünya
kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək Dünya
kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda
göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara
ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Teqlər: