Mayın 12-i saat 16 radələrində paytaxtın Nərimanov rayonu
ərazisində 1993-cü il təvəllüdlü Orxan Bəndəliyevin hündürlükdən
yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.
Nərimanov prokurorluğundan AzerTimes-a bildirilib ki, ilkin
araşdırmalarla müəyyən olunub ki, Nərimanov rayonunda yeni
tikilməkdə olan binanın tikintisində fəhlə işləyən Orxan Bəndəliyev
iş görən zaman binanın 11-ci mərtəbəsindən ehtiyatsızlıqdan 2-ci
mərtəbənin damına yıxılması nəticəsində almış olduğu xəsarətlərdən
hadisə yerində ölmüşdür.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət
Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin
aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi
başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.