Şəkidə Azərbaycan İlahiyyat İnstitutunun maarifləndirmə tədbiri keçirilib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşəbbüsü və Şəki Rayon
İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aİİ-yə yüksək intellektli və
savadlı gənclərin cəlb olunmaları məqsədilə maarifləndirmə tədbiri
keçirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Şəki Rayon İcra
Hakimiyyətinin nümayəndəsi Sadiq Yusifov bildirib ki, ölkə
başçısının rəhbərliyi altında ölkəmizdə təhsil sisteminin inkişafı
ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial
siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. O qeyd edib
ki, təhsillə bağlı dövlət proqramlarının hazırlanaraq həyata
keçirilməsi, yeni təhsil müəssisələrinin açılması, onların müasir
avadanlıqlarla təchiz edilməsi Azərbaycanın gələcək inkişafı üçün
atılan mühüm addımlardandır.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndəsi Elxan
Abdullayev çıxışında ölkəmizdə uşaqların hərtərəfli inkişafı,
milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil
almaları üçün lazımi şəraitin yaradıldığını bildirib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ölkəmizdə
din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm
verildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan İlahiyyat
İnstitutu Prezident cənab İlham Əliyevin 2018-ci il 9 fevral
tarixli Sərəncamı əsasında yaradılıb. Rektor İnstitutun istifadəyə
verilmiş yeni inzibati binasının açılış mərasimində cənab İlham
Əliyevin iştirak etməsini ölkə başçısının dövlət-din
münasibətlərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi
vurğulayıb.

Aİİ rəhbəri daha sonra İnstitutun məqsəd və hədəfləri haqqında
ətraflı məlumat verib.

Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov çıxışında
abituriyentlərə İnstituta qəbul şərtləri barədə məlumat verib.
Bildirib ki, Aİİ-də magistratura və doktorantura səviyyələri üzrə
də qəbul aparılır. O, İnstituta qəbul olunacaq hər abituriyentin
dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən,
ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını
vurğulayıb. E.Orucov xarici dillərə yiyələnmək imkanları; təqaüd
proqramları; xaricdə təhsil imkanları; tələbələrin sosial həyatı;
yay və qış məktəbləri haqqında da ətraflı bəhs edib.

Daha sonra Aİİ-nin ictimai fəaliyyətini əks etdirən videoçarx
nümayiş etdirilib.

Aİİ-nin nümayəndə heyəti Şəki İslam Kollecini ziyarət edib.
Kollecdə Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Şəki-Oğuz bölgəsi üzrə
qazisi Kamran Məmmədov, təhsil müəssisəsinin direktoru Abdurrahman
Nuri və QMİ-nin təhsil işləri üzrə koordinatoru Fuad Quliyevlə
görüş təşkil olunub. Aİİ rektoru Aqil Şirinova kollec haqqında
geniş məlumat verilib, tədris prosesi, keçirilən fənlər barədə
danışılıb.

Teqlər: