Hələ sovet dövründə Azərbaycana aşağılayıcı münasibət bəsləyən Rusiya yer, şəhər, kənd, qəsəbə adlarımızı istədiyi kimi yazırdı.
Azərbaycan alimlərinin yalnız “Şemaxa” adına irad bildirdiklərini xatırlayıram. Rus mütəxəssislər bunu qəbul etməmişdilər – elə SSRİ “ölənə” qədər Şamaxıya “Şemaxa” dedilər – indi də dəyişən yoxdur. Halbuki hələ o zaman Estoniya “Talin”ə görə SSRİ rəhbərliyini divara dirəyib, “iki l” ilə yazmağa məcbur etmişdi. Bizdə o dirəniş nə gəzir?
Yalnız bir şəhərin adı ilə bağlı olsa, üstündən keçmək də olardı. Mərdəkan “Mardakyan”dır, Şüvəlan “Şuvelyan”dır və s. bitib-tükənməyən “yanlar”.
Bir oxucumuz Rusiyadan olduqca maraqlı sorğu göndərib redaksiyaya. Yazır ki, başınızı salmısınız ölkə daxilinə, bilirsiniz burdan necə görünür? Biz kimə izah edə bilərik ki, “Şuvelyan”, “Mardakyan” erməni adları və erməni kəndləri deyil, bunun heç hayları qəti dəxli yoxdur? Niyə qəsəbə adlarımızı normal ruscada yazmırsınız?
Adam nə qədər haqlıdır!
32 ildir müstəqilik, yenə şəhər, kənd adlarımızın ruscasında rus dili hegemoniyasının şıltaqlıqlarına səbirlə dözürük. “Mərdəkan” – sözündə “ə” səsinin ruscada olmadığını anladıq – “e” və ya “a” səsi ilə əvəz edərlərsə, problem yoxdur. Yaxşı, “an” niyə “yan” kimi deyilməlidir? Hansı zərurətdən “Mərdəkan” “Mardakyan” yazılmalıdır?
32 ildir Dilçilik İnstitutu, Dil Komissiyası, Nazirlər Kabineti bu məsələni niyə həll etmir?
Bir təhrifin həm də siyasi səbəbləri varsa, bu niyə indiyə qədər aradan qaldırmamalıdırlar?
Sorğu veririk – AMEA Dilçilik İnstitutundan normal cavab ala bilmirik. Dilçi alimlərin də qəti mövqeyi belədir – toponimlər tərcümədə bu qədər rüsvayçı təhrifə məruz qalmamalıdır. Ancaq addım atan, təşəbbüs göstərən, Nazirlər Kabineti, Bakı meriyasına tələb irəli sürən və yol nişanlarını dəyişdirtdirən, yazılış yanlışlığını aradan qaldıran yoxdur.
Heç kəs öz üzərinə düşəni etmir, hamı sanki tapşırıq gözləyir…