Bakıda əcnəbi qadını qətlə yetirən şəxs 18 il azadlıqdan məhrum edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində əcnəbi qadını qətlə yetirməkdə
təqsirləndirilən Elçin Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi
davam etdirilib.

AzerTimes-ın məlumatına görə, prosesdə zərərçəkmiş şəxsin vəkili
təqsirləndirilən şəxs Elçin Ələkbərovun cinayəti bilərəkdən və
qəsdən törətdiyini bildirib və ona ən ağır cəzanın verilməsini
istəyib.

Təqsirləndirilən şəxs E.Ələkbərov isə vəkilə etiraz edib. O
bildirib ki, hadisəni törətməsindən peşmandır və o, bu hadisəni
törətməyə vadar olub.

Təqsirləndirilən şəxsin vəkili isə cinayət işinin təzələnməsini
istəyib və bu barədə məhkəməyə vəsatət təqdim edib.

Məhkəmə müşavirəyə yollanıb.

Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin
hökmü ilə təqsirləndirilən şəxs Elçin Ələkbərov 18 il azadlıqdan
məhrum edilib.

İttihama görə, ötən il iyulun 30-u saat 19 radələrində Binəqədi
rayon sakini 1975-ci il təvəllüdlü Nailə Əliyevanın öldürülməsi
barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri, 1980-ci il
təvəllüdlü Elçin Ələkbərovun şəxsi münasibətlər zəminində
aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər
yetirərək Özbəkistan Respublikası vətəndaşı Nailə Əliyevanı qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Elçin Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilmişdir.

Teqlər: