Xəbər - Cani Babayeva – Trend:
Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Yaş
qrupları yarışlarına və Dünya çempionatına hazırlıq tam sürətlə
davam edir.
Bunu Trend-ə
akrobatika gimnastikası üzrə Azərbaycan milli komandasının baş
məşqçisi İradə Qurbanova akrobatika gimnastikası üzrə 27-ci
Azərbaycan birinciliyi və Bakı çempionatı çərçivəsində deyib.
“Yarışlara hazırlıq gücləndirilmiş rejimdə gedir, məşqlər gündə
iki dəfə keçirilir, idmançılar üçün gözəl şərait yaradılıb.
Yarışlarda müxtəlif ölkələrdən güclü gimnastlar çıxış edəcək, bizi
gərgin mübarizə gözləyir. Bu gün birincilikdəki yarışları
izləyərkən müşahidə etdim ki, böyük gimnastlar psixoloji cəhətdən
çempionata hazırdır. Bu, əsas komandadır, idmançıların yarış
təcrübəsi var və ümid edirəm ki, onlar bunun öhdəsindən gələcək”, –
deyə o bildirib.
Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və
Bakı çempionatı barədə danışan baş məşqçi bildirib ki, yarışlar
uzun fasilədən sonra təşkil olunub.
“Çox şadam ki, yarışlar baş tutdu. Əlbəttə ki, yarışda daha çox
iştirakçı görmək istərdik, amma nəzərə almaq lazımdır ki,
koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərə görə bir çox
klublar işləməyib. Bu yarış bizim üçün böyük əhəmiyyət daşıyır,
çünki bunu ölkəmizi iki iri yarışda təmsil edəcək idmançılar üçün
sınaq məşqi hesab etmək olar”, – İ.Qurbanova deyib.
Qeyd edək ki, akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş
qrupları yarışları martın 3-6-da, 28-ci Dünya çempionatı martın
10-13-də keçiriləcək.
(Tərcümə: Orxan Nəbiyev)